reklam
Regionxeberlericom.az » Siyasət » “Sülhməramlılar, siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz?” - ETİRAZ

reklam

“Sülhməramlılar, siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz?” - ETİRAZ


Azərbaycan Müdafiə Nazirliyi son iki gündə iki dəfə Azərbaycanın Qarabağ İqtisadi Rayonu ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə müraciət ünvanlayıb. Müraciətdə sülhməramlılara Azərbaycan ərazilərinin adlarının düzgün yazılmaması barədə irad bildirilir.


Nazirliyin birinci müraciətində deyilir: “Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub. Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir. Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".


Müdafiə Nazirliyinin ikinci irad və çağırışı da oxşardır: “Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir”. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”.


DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aqil Abbas Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinə iradlarını və tələblərini haqlı hesab edir. Millət vəkili AYNA-ya deyib ki, sülhməramlılar Qarabağa gəldikləri gündən bu yana öz səlahiyyətləri çərçivəsində hərəkət etməyiblər:


- Bizim onların Qarabağda – Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə hansı oyunlardan çıxdıqları yadımızdadır. Sülhməramlı missiya adı ilə gəliblər, amma sülhməramlılıqdan başqa hər işlə məşğuldurlar. Elə bilirlər ki, ermənilərə kanalizasiya çəkdikləri, evlərin damını təmir etdikləri yadımızdan çıxıb?! Sonra xəritələr üzərində oynadılar, gah məsuliyyət zonalarını xəritədə genişlətdilər. Azərbaycanın iradından sonra dəyişiklik etdilər.


- İcma yaratdılar, Xocalıda dahilərinə heykəl qoydular...


- Bəli, bəli. Yüz hoqqadan çıxdılar, indi də buna davam etməkdədirlər. Gəldikləri gündən Xankəndiyə “Stepanakert”, Xocavəndə “Martuni”, Ağdərəyə “Mardakert” deyirlər, bunu nazirliklərinin saytında yazırlar. Bu, düzgün deyil. Siz kimsiniz ki, Azərbaycan şəhərlərinin adını dəyişirsiniz? Azərbaycanın iradı haqlıdır. Sadəcə məsələni konkret qoymalıyıq. Biz Moskvanın, Peterburqun adını başqa formada yazsaq, xoşlarına gələr? Bunu onlardan soruşmaq lazımdır. Yox, məncə, xoşlarına gəlməz. Biz də hörmətsizlik edib yazmarıq. Amma onlar da bizim ərazimi bütövlüyümüzə, şəhərlərimizin, kəndlərimizin adına hörmət etməlidirlər.


- Ermənilər iddia edirlər ki, Üçtərəfli Birgə Bəyanatda “Dağlıq Qarabağ” ifadəsi işlənir...


- Birincisi, onu deyən ermənilər qələt edirlər. Onların danışmağa, fikir bildirməyə ümumiyyətlə, haqları yoxdur. Ermənilər, yaxud Ermənistan kimdir ki, Azərbaycanın daxili işi ilə bağlı hansısa fikir bildirsin. İkincisi, cənab Prezident İlham Əliyev “Dağlıq Qarabağ” inzibati ərazisini ləğv edib, sərəncam verib. İndi ora Qarabağ İqtisadi Rayonudur. Ruslar da zəhmət çəksinlər yerimizin adını düz yazsınlar, vəssalam. Mənim adım nədirsə, onu deməlidirlər, yazmalıdırlar.


- Sülhməramlıların erməni separatçılarının silahlanmasına göz yumurlar, hətta yardım edirlər...


- Bu, yeni xəbər deyil. Gəldikləri gündən bununla məşğul olurlar. Dəfələrlə demişik, müraciət etmişik ki, sülhməramlıdırlarsa, özlərini sülhməramlı kimi aparsınlar. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə imzalanan Üçtərəfli Birgə Bəyanatda qeyd edilir ki, Ermənistanın bütün qoşun növləri ərazimizdən çıxarılmalıdır. Sülhməramlılar bunu icra etməli idilər, amma iki il keçib, icra etməyiblər. Əksinə, onlara şərait yaradırlar, qızışdırırlar, qorxma-qorxma deyirlər. Bu, belə davam edə bilməz.


- Sülhməramlılarla bağlı hansı tədbir görülməlidir?


- Yenə deyirəm, sülhməramlılar özlərini düzgün aparmalıdırlar, vəzifə borcunu düzgün yerinə yetirməlidirlər. Azərbaycan da tələb etməlidir ki, sülhməramlılar erməninin tərəfini saxlamadan götürdüyü öhdəliyi yerinə yetirsin. Erməni quldurları ilə biz özümüz məşğul olarıq. Azərbaycanın hərbi qüvvələri və təhlükəsizlik orqanları var və onlar terrorçuları zərərsizləşdirməyin yolunu yaxşı bilirlər.


- Terrorçular son günlər mövqelərimizi atəşə tuturlar...


- Nəyin hesabına?! Əlbəttə, sülhməramlıların hesabına. Sülhməramlılar guya o terrorçuların qarşısını ala bilmirlər?! Ala bilərlər, amma almırlar. Görünür, özləri təxribatda maraqlıdırlar. Biz isə istənilən təxribatın qarşısını sərt şəkildə almalıyıq və alacağıq. Kim bizə atəş açırsa, istər rus sülhməramlılarının yanından olsun, istərsə də kənarda, həmin kəslər yerindəcə məhv edilməlidir. Sığınırlar sülhməramlıların arxasına, başlayırlar bizim əsgərlərə atmağa. Buna son qoyulmalıdır. Sülhməramlılardan qəti tələb edilməlidir ki, Qarabağdan gedənədək vəzifələrini doğru-dürüst yerinə yetirsinlər. Məsələ qəti şəkildə həll olunmalıdır.


- Sülhməramlılar gedəcəklərmi?


- Biz bir az tələsirik, həm də inamsızlıq edirik. Qarabağın azad olacağına da bəziləri inanmırdı. Amma indi Şuşadayıq, Ağdamdayıq, Cəbrayıldayıq, Laçındayıq. İmzalanan sənəddə sülhməramlıların qalma müddəti göstərilib. O müddət tamam olanda məsələlərinə baxılacaq. Azərbaycan lazımi qərar verəcək, ona uyğun da addımlar atılacaq. Məncə, bir az səbr etmək lazımdır.




Paylaş:


Müəllif : Tarix:
29-11-2022, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər