reklam
Regionxeberlericom.az » Siyasət » RUSİYANIN “MİNAYA DÜŞƏN” VASİTƏÇİLİYİNƏ BAKININ CAVABI... - Və Ərdoğanın tarixə möhür vuracaq Şuşa səfəri

reklam

RUSİYANIN “MİNAYA DÜŞƏN” VASİTƏÇİLİYİNƏ BAKININ CAVABI... - Və Ərdoğanın tarixə möhür vuracaq Şuşa səfəri



Muradovun əliboş qaytarılaraq, 15 hərbçinin mina xəritələrilə Qərbin iştirakı ilə dəyişdirilməsi göstərir ki, nə Azərbaycan, nə də Ermənistandakı aparıcı siyasi qüvvə Rusiyanı regionda görməyə həvəsli deyil...

Hələ 10 noyabr üçtərəfli razılaşmasından qısa müddət sonra Vladimir Putin demişdi ki, Ermənistanın bu sənədə əməl etməməsi və deməli, həm də revanş barədə düşünməsi intihara bərabər olar.

Amma Rusiya sonrakı davranışları ilə yumşaq desək, o qədər də səmimi olmadığını ortaya qoydu. Bu davranışlar göstərdi ki, Moskva bir tərəfdən doğrudan da Ermənistanın düşdüyü vəziyyətlə barışmasında və vəziyyəti gərginləşdirməməsində maraqlıdır, digər tərəfdən isə üçtərəfli razılaşmanın heç də bütün bəndlərinin yerinə yetirilməsində həvəsli deyil.

Yəni, öz oynunu oynayır və onu üçün nə Azərbaycanın, nə də müttəfiq adlandırdığı Ermənistanın maraqları bir o qədər əhəmiyətli deyil və hər zaman da belə olub...

Bunu Zəngəzur dəhlizinin açılması və erməni hərbi qüvvələrinin Qarabağdan çıxarılmasına dair bəndlərin hələ də yerinə yetirilməməsi və bu bəndlərin icrası istiqamətində Rusiyanın heç bir addım atmaması da təsdiqləyir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi funksiyasını zorla öz üzərinə götürən Rusiya ilə imzalanmış müqavilənin hüquqi əsasları günü-gündən sıradan çıxır.

Çünki Rusiya bir daha göstərmiş olur ki, onunla imzalanmış müqavilə ya Rusiyanın öz maraqlarına uyğun olanda işləyir, ya da ümumiyyətlə işləmir. Bütün bunlar və digər məqamlar nəzərə alındıqda Rusiyanın Azərbaycanla Ermənistan arasında 15 erməni hərbçisinin mina xəritələrinə dəyişdirilməsinə dair razılaşmadan kənarda saxlanması məntiqi görünür...

Məlum olduğu kimi, bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin və gürcü hökumətinin, ABŞ dövlət katibi Antoni Blinkenin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin rolu, xidməti xüsusilə qeyd edildi. Göründüyü kimi, burada Rusiyadan başqa az qala hamının adı var.

Bir maraqlı məqam da odur ki, İrakli Qaribaşvili bu istiqamətdə danışıqların 3 aydır davam etdiyinə xüsusi eyham vurub. Deməli, belə çıxır ki, Rusiya bu prosesdən 3 aya yaxındır uzaqlaşdırılıb.

Digər yandan, bir müddət əvvəl Azərbaycan prezidenti açıq şəkildə bildirmişdi ki, erməni hərbçilərini biz təhvil verdiyimiz halda, Ermənistan bizdən başqa hamıya minnətdarlıq edir. Hər zaman Rusiyanın əli və yardımı ilə Azərbaycandan müftə nəsə qoparmağa çalışan Ermənistan bu dəfə Moskvanın himayədarlığından istədiyi şəkildə yararlana bilmədi. Və bununla da Muradovun Bakıdan erməni hərbçilərini üç-üç, beş-beş daşıyıb, Rusiyanın aktivinə xal yazdırması prosesi də dayandırıldı.

Bu kontekstdən baxdıqda və Rusiyanın Qarabağdakı davranışları da daxil olmaqla, bütün bu və digər məqamlar nəzərə alındıqda, Rüstəm Muradovun Bakıdan əliboş qaytarılması və Ermənistan hakimiyyətinə əsəbləşməsini anlamaq olar.

Beləliklə də, 15 hərbçinin mina xəritələri əvəzində, həm də Qərbin, o cümlədən Gürcüstanın iştirakı ilə dəyişdirilməsi ola bilsin ki, Muradovun əliboş qaytarılmasından sonra Rusiyaya vədlərini yetirmədiyinə görə verilən cavabın ikinci mərhələsi oldu.

Xüsusilə də bu işdə Rusiyanın regionda ən çox qıcıqlandığı oyunçulardan olan Gürcüstanın rolunun qabardılması ciddi əhəmiyyət kəsb edir. Belə çıxır ki, məhz bu məsələdə Azərbaycanın yarısı boyda olan Gürcüstan Rusiya kimi nəhəngdən daha effektli və güvəniləcək vasitəçi, tərəfdaşdır...

Bir haşiyə çıxmaq da vacibir: Rusiaynın və digər havadarlarının sayəsində özünü qalib sayan və böyük hissəsi mənəvi cəhətdən xəstə olan erməni toplumuna məlum hərbçiləri 7 ay əsirlikdə saxlamaq, onların qatı cinayət törədənlərini mühakimə edib həbsxanaya göndərmək erməni toplumu üçün yaxşı bir dərs olmalıdır.

Görün, bu toplum nə qədər xəstə, azərbaycanlılara qarşı nə dərəcədə nifrətlə doludur ki, Paşinyan seçicilər qarşısında “minalanmış ərazilərin xəritələrinin yalnız kiçik hissəsini” verməsilə öyünür və cəmiyyəti bununla sakitləşdirməyə çalışır.

Sabiq prezident Serj Sarqsyan isə deyir ki, bu xəritənin qarşılığında daha çox “əsir” qaytarmaq olardı, yəni başqa vaxt humanizmdən danışan erməni siyasi isteblişmenti ərazilərin mümkün qədər uzun müddət minalanmış qalması və mülki insanların həlak olmasında maraqlı olduğunu heç gizlətmir də...

15 erməninin Gürcüstan və ABŞ vasitəsilə təhvil verilib, əvəzində mina xəritələrinin alınması həm də onu göstərdi ki, Azərbaycan Ermənistan deyil və Rusiyanın bizdən kiməsə qarşı alət, təzyiq vasitəsi kimi istifadə etməsini istəmir. Həmçinin, o da qeyd olunmalıdır ki, ən azından Azərbaycan qədər Ermənistanın indiki hakimiyyəti də əsas vasitəçiliyin Rusiya yox, Gürcüstan və Qərb tərəfindən həyata keçirilməsində maraqlıdır. Bu isə o deməkdir ki, əslində nə Azərbaycan, nə də Ermənistandakı aparıcı siyasi qüvvə Rusiyanı regionda görməyə həvəsli deyil...

Nəhayət, Azərbaycanın bu prosesdəki sərt və qətiyyətli mövqeyində Türkiyənin hansı səviyyədə rolunun olduğunu xüsusi olaraq qeyd etməyə yəqin ki, ehtiyac yoxdur. Və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşaya gözlənilən səfərinə də bu kontekstdən baxmaq olar.

Türkiyə prezidenti bəyan edib ki, Şuşada iki qardaş dövlət arasında mühüm və əhatəli anlaşmalar imzalanacaq. Hazırda bununla bağlı müəyyən məlumatlar olsa da, rəsmi sənədləri gözləməkdə fayda var.

Hadisələri qabaqlamadan və irəli getmədən yalnız onu deyə bilərik ki, bu anlaşmalarda hərbi əməkdaşlıq mövzusunun prioritet təşkil edəcəyi və Türkiyə ilə hərbi əməkdaşlığımızın, birliyimizin gücləndirilməsi istiqamətində ciddi addımların təməlinin qoyulacağına dair məlumatlar var. Bununla da Türkiyə artıq regiondakı varlığını və Azərbaycanın yanında olduğunu Qarabağ savaşındakı ən böyük uğurumuz olan Şuşada möhürləyəcək.

Əgər Ermənistan mətbuatına nəzər yetirsək görərik ki, Ərdoğanın Şuşaya səfəri az qala Azərbaycandakı qədər müzakirə və təhlil olunur. Və bu da təsadüfi deyil. Artıq ermənilər də anlayırlar ki, xüsusilə 44 günlük müharibədən sonra regionda çox şey dəyişib və qonşusu 1990-cı illərdəki təklənmiş, Rusiyaya dayanaraq yenə biləcəyi zəif, ordusuz, iqtisadiyyatsız Azərbaycan yox, Türkiyə ilə sıx birlikdə, əməkdaşlıqda olan, güclü və iradəli ordusuyla, iqtisadiyyatıyla istənilən problemi həll etməyə qadir bir Azərbaycandır!

“AzPolitika.info”



Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 09:20
Sikayət   


loading...
Загрузка...