reklam
Regionxeberlericom.az » Siyasət » Rus əsgəri Qarabağ uğrunda ölməyə hazırdısa... ÖLSÜN ELƏ! - BUYURSUNLAR!

reklam

Rus əsgəri Qarabağ uğrunda ölməyə hazırdısa... ÖLSÜN ELƏ! - BUYURSUNLAR!


Rusiyada jirinovskilərin, solovyovların, zatulinlərin davamçısı olan Avrasiya İqtisadi Birliyinin İnkişaf Problemlərinin Öyrənilməsi İnstitutunun direktoru, eks-deputat Vladimir Lepexinin sərsəm və başıpozuq bir çıxışı qalmaqala səbəb olub. 44 günlük müharibədə neytral dayanan Rusiyanın adından danışan Lepexin iddia edib ki, rus əsgəri Ermənistan uğrunda, bir qədər də boyundan yuxarı tullanaraq hətta “Qarabağ üçün ölməyə hazırdır” söyləyib.

“Yeni Müsavat”ın məlumatına görə, İrəvanda keçirilən “Erməni cəmiyyətində Rusiyanın strateji müttəfiq obrazı” forumunda çıxış edən ekspert bu fikri ilə ermənilərin ürəyinə su səpmiş olub. Onun sözlərinə görə, Rusiya əhalisinin 80%-dən çoxu Ermənistanı Belarusla yanaşı, ən yaxın müttəfiq hesab edir: “Ən əsası isə rusiyalı hərbçilər Ermənistanın sərhədlərini qoruyur. Onlar Ermənistan və Qarabağ uğrunda döyüşmək, hətta ölməyə belə hazırdır. Bu gün Rusiya və Ermənistan arasında yeni hərbi ittifaq formalaşır. Bu ittifaqın iqtisadiyyat və sair sahələrdə də formalaşması önəmlidir”.

Kremlə yaxınlığı ilə tanınan politoloqun iddialarında nə qədər həqiqət payı var? Ruslar erməni dostluğuna inanırlarmı? Onun “Ermənistan uğrunda ölməyə hazırdılar” dediyini qismən anlamaq olar, bəs Qarabağı da bu siyahıya aid etməsinin arxasında hansı hiylə dayanır?

Bəlkə bununla demək istəyirlər ki, Qarabağın dağlıq ərazilərində suverenliyimizi bərpa etmək istəyəndə rus qoşunları bizə atəş açacaq? Halbuki bu fikir üfüqdə görünür və Putinin Azərbaycanın siyasi rəhbərliyi ilə olan münasibətlərindən də hiss olunur ki, Kreml başçısı Cənubi Qafqazda müharibə istəmir, onun marağında olan prioritet məsələ nəqliyyat-kommunikasiyaların açılmasıdır. Əksinə, Qərb dairələri vəziyyətlə barışmaq istəmirlər. 10 noyabr sənədi birbaşa Moskvanın ürəyincədir, sülhməramlı qoşunlarını da Dağlıq Qarabağa yerləşdirib. Bu halda Lepexinin açıqlaması təhdidə daha çox oxşayır O, İrəvanda Bakıya işarə vurur ki, nə zamansa müharibə alovlansa, rus əsgəri guya Azərbaycan Ordusuna qarşı ermənilərlə çiyin-çiyinə vuruşacaq. Halbuki Lepexin bunun 44 günlük müharibədə belə olmadığını gördü və Türkiyə faktorunu da nəzərdən qaçırmamalıdır. Rəsmi Ankara bəyan edib ki, kənar qüvvələr Azərbaycana qarşı hərbi müdaxiləyə yol verərsə, qardaş ölkənin yanında olacaq. Rusiya rəhbərliyi isə Türkiyəni Liviya və Suriya hadisələrindən yaxşı tanıyır. Odur ki, politoloq sabun köpüyünə çevrilən fikirlər səsləndirib. Bəs bu bədniyyətli və provokativ açıqlamanın arxasındakı məqsəd nədir?

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, əvvəla belə çıxışlar təxribat xarakterlidir. Onun fikrincə, hansısa rus siyasətçisi ermənilərin xoşuna gəlmək üçün bu cür açıqlamalar verə bilər. A.Abbas çağırış etdi ki, Lepexin Qarabağ üçün ölmək istəyirsə, buyura bilər: “Kim istəyirsə gəlsin. Hansı rus əsgəri Ermənistan və Qarabağ üçün ölmək arzusundadırsa, problem yoxdur, gəlsin. Sadəcə, belələri Zatulin kimi adamlardır, boş-boş danışırlar, bir az da şou düzəldirlər. O adamlar kimdirsə gəlsinlər, bizim kifayət qədər silahımız var”.

AMİP sədri Arzuxan Əlizadə qəzetimizə bildirdi ki, Rusiya tərəfindən qeyri-ciddi və provokasion çıxışlar edən bu cür siyasətçilər az deyil. Onun sözlərinə görə, 44 günlük müharibədə də Rusiyanın bəzi telekanallarında, Dumanın bəzi deputatlarının və eks-deputatlarının çıxışlarında Ermənistana dəstək ifadə edilməsini görmüşük: “Dəfələrlə belə təxribat xarakterli çıxışlar ediblər, Azərbaycan rəsmilərini aşağılayan mövqe ortaya qoyublar. Ona görə Lepexinin fikirləri təəccüblü deyil. Sadəcə, unudur ki, 10 noyabr bəyanatında Rusiya prezidentinin imzası var”.

A.Əlizadə yada saldı ki, Putin Qarabağın Azərbaycan ərazisi olduğunu, bölgədə dayanıqlı sülhün yaranmasında maraqlı olduğunu bir neçə dəfə bəyan edib: “Amma görünür ki, bu cür siyasətçilər Kremlin deyə bilmədiklərini dilə gətirirlər və düşünmürlər ki, Rusiya prezidentinin mövqeyini sual altına salırlar. Onlar bu şəkildə yanaşmalardan, çıxışlardan çəkinməlidirlər. Kim erməni üçün ölmək istəyirsə, Azərbaycan torpağında erməni uğrunda döyüşmək istəyirsə, buyursunlar, əsgərimiz 44 günlük müharibədə olduğu kimi onların cavabını verəcək”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
28-05-2021, 09:47
Sikayət   


loading...
Загрузка...