reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyada etirazlar artır, hökumət güzəştə getmir - Bu il 1.4 min aksiya olub

reklam

Rusiyada etirazlar artır, hökumət güzəştə getmir - Bu il 1.4 min aksiya olub


Sosial və Əmək Hüquqları Mərkəzi (SƏHM) cari ilin yanvar-sentyabr dövründə 1,4 min etiraz çıxışı, o cümlədən mitinq, piket, tətil, aclıq aksiyası, yürüş, fleşmob, nümayişkaranə kütləvi istefalar və sair qeydə alıb. Bu barədə “Eurasianet.org” saytı məlumat verir.

Ötən ilin üç rübü ilə müqayisədə etirazların sayı bir qədər azalıb. Belə ki, SƏHM həmin dövr üçün 1,8 min aksiya qeydə alıb. Bu, hökumətin reaksiyası ilə əlaqəli ola bilər: 2017-2018-ci illərdə etirazçılara qarşı təxminən 10 min iş açılıb.

Etiraz aktivliyinin səviyyəsi

“Levada” mərkəzin noyabrda keçirdiyi sorğunun nəticələri göstərib ki, sosial və siyasi tələblərlə etirazların mümkün olduğunu və həmin aksiyalarda iştirak etməyə hazır olan vətəndaşların sayında kiçik azalma var.

Ötən ilin noyabr ayında respondentlər arasında sosial və siyasi etiraz gözləyənlərin sayı müvafiq olaraq 37% və 30% idisə, bir il sonra bu göstəricilər 30% və 29%-ə düşüb. Halbuki iki il əvvəl etirazların mümkün olduğuna iştirakçıların yalnız 23% və 19% inanırdı.

“Levada” mərkəzin keçirdiyi bir başqa sorğunun nəticələrinə əsasən, vətəndaşların 72%-i əmindir ki, hökumətlə ictimaiyyətin maraqları “üst-üstə düşmür”, ya da “əsasən üst-üstə düşmür”.

Etirazların kütləviliyi

Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskva Şəhər Dumasına seçkilərdə müxalif namizədləri dəstəkləmək üçün 20 min adam aksiyalarda iştirak edib. “Ağ sayğac” könüllü layihəsinin hesablamalarına əsasən, iştirakçıların sayı təxminən 50 min nəfər olub.

İqtisadi və Siyasi İslahatlar Mərkəzinin (İSİM) məlumatına görə, 1 oktyabr 2017-ci ildən 1 oktyabr 2018-ci ilədək bütün aksiyaların 6,1%-də 1 mindən çox insan iştirak edib. SƏHM-in statistikasına əsasən, cari ilin ikinci rübündə bu cür aksiyalar 11,6% təşkil edib.

Etirazlarda gərginlik artır

Repressiyalara, mitinqlər haqqında qanun layihələrinin sərtləşdirilməsinə baxmayaraq, etiraz hərəkatı inkişaf edir. Ötən il futbol üzrə dünya çempionatına ev sahibliyi edən şəhərlərdə tədbirlər faktiki olaraq qadağan edilmişdi. Onda “yetkinlik yaşına çatmayan şəxslərin” razılaşdırılmamış aksiyalara “cəlb edilməsinə” görə böyük cərimələr tətbiq edilmişdi.

Ali Məhkəmənin məlumatına görə, müqayisədə etirazların daha az müşahidə edildiyi 2015-ci və 2016-cı illərdə bu cür işlərin sayı ildə 1,5 mindən çox olmayıb. Aleksey Navalnı tərəfdarlarının antikorrupsiya çıxışlarının keçirildiyi 2017-ci ildə oxşar proseslərin sayı 5,2 minə çatıb. Bu da qeyri-parlament müxalifəti və iqtidar arasındakı qarşıdurmanın ən pik həddə çatdığı 2012-ci ilin göstəricilərinə yaxın olub.

Vətəndaşları küçələrə çıxaran səbəblər

SƏHM-in məlumatına əsasən, cari ilin ilk rübündə ictimai xarakter daşıyan etirazlar üstünlük təşkil edib. 429 aksiyadan 157-i bu cür etirazların payına düşüb. Ən çox çıxışa (43%) zibil islahatı ilə əlaqədar tullantıların toplanması tariflərinin artması səbəb olub.

İkinci və üçüncü rüblərdə repressiya əleyhinə aksiyalar və siyasi tələblər birinci plana çıxmağa başlayıb. Bunlar əsasən narkotik maddələrdən istifadə ittihamı ilə iyunda həbs edilən, daha sonra dəlil çatışmazlığı ucbatından azad edilən “Meduza” nəşrinin jurnalisti İvan Qolunova dəstək aksiyaları və 8 sentyabr vahid səsvermə günü ilə əlaqədar etirazlar olub.

Ən kəskin mübarizə paytaxtda səsvermə ərəfəsində yaşanıb. Belə ki, iqtidar bir çox müxalifətçi namizədin qeydiyyatdan keçməsinə icazə verməyib. “İcazə ver!” şüarı altında keçirilən razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda on minlərlə insan iştirak edib.

SƏHM-in apardığı müşahidələrə əsasən, son illər Rusiyada tətillərin və başqa əmək münaqişələrinin əsas səbəbi əmək haqlarının ödənilməməsi olub. Cari ildə yeni ağıllı tələblərin meydana çıxdığını göstərən əlamətlər gözə dəyməyə başlayıb.

Bu il siyasi məqsədlə həbs edilənlərin həmkarları, artistlər və tələbələr də peşəkar həmrəylik nümayiş etdiriblər.

Moskva seçimləri ilə bağlı etirazlar təkcə ümumi demokratik tələblərlə deyil, eyni zamanda yerli özünütəşkillə əlaqəli olub. Parkların və meydanların abadlaşdırılması, qorunması ilə bağlı aksiyalarda iştirak edən bir çox fəal ümumi dil tapa bilib.(Tərcümə: xpressa.net)


Paylaş:


Müəllif : Tarix:
16-12-2019, 20:50
Sikayət   


loading...
Загрузка...