reklam
Regionxeberlericom.az » Sosial » Elman Rüstəmovun revanşı: - Baş bankir yenə yanlış yoldadır

reklam

Elman Rüstəmovun revanşı: - Baş bankir yenə yanlış yoldadır


Beynəlxalq səviyyəli analitik mərkəzlər, nüfuzlu maliyyə və iqtisadi qurumlar dünyanın yeni iqtisadi böhranın astanasında olduğunu bildirirlər. Bunu təsdiqləyən yetərincə faktlar, analizlər qoyulur ortaya. Dünya iqtisadiyyatında qeydə alınan artım dinamikasındakı azalma, son vaxtlar fond birjalarında yaranan təlatümlər, qlobal iqtisadiyyatın iki aparıcı ölkəsi arasında davam edən ticari müharibə qlobal böhranın gözlənildiyindən daha tez özünü büruzə verəcəyi ehtimalını artırır. Bir sözlə, dünyada gedən iqtisadi-siyasi proseslər Azərbaycan kimi neft gəlirlərindən asılı ölkələr üçün heç də ürəkaçan məcraya doğru getmir. Belə bir vəziyyətdə hökumətlərin “B” planlarının olması həyati əhəmiyyət kəsb edir. Və belə planları adətən maliyyə-bank sektoruna rəhbərlik edən qurumlar hazırlayırlar. Bu baxımdan, Azərbaycanda uzun illər boyu makroiqtisadi sabitliyin qorunmasına aparıcı rola malik olmuş Mərkəzi Bankın davranışlarından çox şey asılıdır. Lakin təcrübə göstərir ki, bu qurum gözləntiləri doğrulda bilmir.

Qeyd edək ki, bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində diqqətçəkici məsələlərdən biri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun çıxış etməsi oldu. Əslində Nazirlər Kabinetinə tabe olmasa da, ölkədə makroiqtisadi sabitliyə cavabdeh olan Mərkəzi Bank rəhbərinin yarımillik dövrdə görülən işlərlə bağlı danışması normal olmalıdır. Lakin məsələ burasındadır ki, Elman müəllim axırıncı dəfə prezident yanında keçirilən belə toplantıda 2015-ci ilin yanvarında – 2014-cü ilin sosial-iqtisadi yekunları, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxış etmişdi...
Elə bir dövrdə ki, dünya bazarında neftin qiyməti uzunmüddətli enmə prosesi yaşayırdı, bizim kimi neftdən asılı ölkələrin hamısında milli valyutalar dəyərsizləşirdi. Hökumətin makroiqtisadi siyasətinin müəyyənləşməsində həlledici söz sahiblərindən biri olan E.Rüstəmov o müşavirədə 2014-cü ildə ölkədə tam makroiqtisadi sabitliyin qorunduğunu fəxarətlə qeyd etmişdi: “Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunmuşdur. İnflyasiya cəmi 1,4 faiz təşkil etmişdir. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir”.
Baş bankrimiz 2014-cü ildə region ölkələrindəki valyuta böhranlarını misal da çəkir: “Ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş vermişdir. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır.
Möhtərəm Prezident, Sizin dəfələrlə qeyd etdiyiniz kimi, manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür”.
E.Rüstəmov bu çıxışında Mərkəzi Bankın bazara buraxılan milyardlarla dollar ehtiyatlarının bir neçə ayın içərisində əridilməsini “çevik tənzimləmə” tədbiri kimi qələmə verməkdən çəkinmədi. Özü də 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam edəcəyini söyləyir, buna baxmayaraq, bəyan edir ki, “Mərkəzi Bankda aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir”.
Ölkənin 2015-ci ildəki pul-kredit siyasətindən danışarkən E.Rüstəmov defilyasiya gözləntisinin böyük olduğunu deyir: “Cari ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər, defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq”.
Bunun üçünsə Mərkəzi Bank rəhbəri ilk növbədə manatın sabitliyinin saxlanmasının gərəkdiyini bildirir: “Cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik”.
Və bu çıxışdan 40 gün sonra – 2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsini kəskin şəkildə aşağı salır, ilin sonunda-dekabrın 21-də yenidən eyni addım atılır. Təsəvvür etmək xeyli çətindir, amma reallıqdır: ölkənin maliyyə-bank sektoruna faktiki rəhbərlik edən, uzun illər boyu pul-kredit siyasətinin müəyyənləşməsində bəlkə də tək söz sahibi olan bir şəxs necə deyərlər, burnunun ucundan uzağı görə bilməyib. Yaxud da görüb, amma hansısa səbəbdən susub. Bu susqunluq isə dövlətə 12-13 milyard dollara başa gəldi.
Əslində E.Rüstəmovun Mərkəzi Bankın ehtiyatları hesabına manatın uzun müddət sabit saxlanmasının mümkün olmadığını bilməyəcək qədər qeyri-peşəkar olduğunu söyləmək mümkün deyil. Bu halda, baş bankir nədən hətta devalvasiya qərarından 1 gün əvvəl də manatın məzənnəsinə təhlükə olmadığında israr edirdi? Bu israrda onun və yaxın çevrəsinin müxtəlif banklardan götürdükləri deyilən yüz milyonlarla manat kreditlər, hətta prezidentin belə məlumatlı olduğu kütləvi şəkildə Azərbaycandan kənara dollar çıxarılması prosesinin nə qədər rolu olub? Bu kimi suallara hələ də dəqiq cavab vermək mümkün deyil. Lakin ortaya çıxarılan və E.Rüstəmovun özünün, ailə üzvlərinin yüz milyonlarla dollarlıq biznesinin olduğunu təsdiqləyən sənədlər, faktlar onun heç də qeyd olunan proseslərdən zərərlə çıxmadığını göstərir.
Yəqin ki, hər kəs son aylarda xarici ölkələrdə on milyonlarla dollarlıq biznes quran müxtəlif məmurlar barədə məlumatlarla tanışdır. Açıqlanan faktlardan məlum olur ki, müxtəlif ölkələrdə qurulan böyük bizneslərin əksəriyyətinin əsası 2014-2015-ci illərdə qoyulub. Məhz həmin illərdə Azərbaycandan kənara yüz milyonlarla, bəlkə də milyardlarla dollar vəsait çıxarılıb. Bu talan o qədər genişmiqyaslı olub ki, ölkə rəhbəri belə ona münasibət bildirməyə, ölkənin valyuta ehtiyatlarının möhtəkirlər tərəfindən xaricə daşınmasının qarşısının alınmasına bilavasitə nəzarət qurmasına səbəb olub.

Rüstəmovun qızının “çiçəklənən” biznesi və 2014-2015 talanları...

2014-2015-ci illərdə ölkənin maliyyə-bank sektorunun şəriksiz nəzarətçisi olan E.Rüstəmovun bu talandan xəbərsiz olduğunu, yəqin ki, heç kim güman etməyəcək. Çünki həmin illərdə onun ailə üzvlərinin də xaricdəki biznesi çiçəklənib. Məsələn, qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) sərvətində fantastik artım baş verib. Araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin ortaya çıxardığı faktlardan aydın olur ki, Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yəni 2013-cü ilə nisbətdə azalma müşahidə olunub. Lakin devalvasiya ilinin maliyyə hesabatlarına görə bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787, sonrakı illərdə isə hər il 1 milyon funt sterlinqdən bir qədər çox artaraq 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.
Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən, yaxud 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən “Seda Zirek Design” şirkətindən alıblar.

2013-cü ilin sonlarında Əhməd Əhmədzadənin oğlu və Elman Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.
Və 2014-cü il mayın 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə aid binanı almaq barədə müqavilə bağlayır. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Ľubošem HAJDUKEM imzalayır. Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı Cümə Əhmədzadəyə satır. Cümə Əhmədzadənin Lipno ilə bağlı layihəsi 150 milyon kron və ya təxminən 7 milyon dollar təşkil edir.
“Hospodarske Novny" saytının 26 mart 2018-ci il tarixli məlumatına görə, Cümənin aldığı bina ötən yüzilin 80-ci illərində inşa edilib və Çexiya Müdafiə Nazirliyinin balansında olub, 2009-cu ildən yararsız obyekt kimi istifadəsiz qalıb. Cümə Əhmədzadəni oxucularına tanıtdıran saytın məlumatına görə, o, Azərbaycanda, İngiltərədə və digər ölkələrdə otellər şəbəkəsinin sahibidir. Cümə Əhmədzadə Cənubi Bohemiya bölgəsində, Lipno su hövzəsi sahilində aldığı binanı artıq tamamilə sökdürüb və tezliklə burada böyük otel kompleksinin tikintisinə başlanacaq. Burada 4255 kvadrat metrlik ərazidə 140 yataqlı otel inşa ediləcək.
Lipnodakı otellə bağlı planı həyata keçirmək məqsədilə 2017-ci ilin aprelin 17-də cütlük bu ölkədə “Lipno Investment s.r.o.” şirkətini qeydiyyatdan keçirib. Təsisçilər “ALPS s.r.o.” şirkəti və Əhməd Əhmədzadənin oğlunun dostu Elçin Kazımov olur. Yeni şirkət Budějovice regional ədliyyə idarəsində 06202098 saylı qeydiyyat şəhadətnaməsi alır və cütlüyə məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətə başlayır.
Yeni şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edir.
Kimdir Elçin Kazımov? O 10 ildən bəridir ki, Çexiyada yaşayır, vaxtilə Mərkəzi Bankda , Elman Rüstəmovun yanında şalışıb, hazırda Mərkəzi Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir. Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.
Elman Rüstəmovun kürəkəninin Elçin Kazımovun Çexiyada qeydiyyatdan keçirdiyi “Budweis trading s.r.o.” şirkətinin şəriki də Rüfət İmamverdiyev olub. Şirkət 2009-cu il oktyabrın 1-də qeydiyyatdan keçib və Əhməd Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.
Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir. İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (sonradan Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudova soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri “Leco s.r.o.” (“Leco – Leyla corporation”) şirkətini idarə edib. Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru vəzifəsini Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy Mıroshnishenkonun həyat yoldaşı Viktoriya MMıroshnishenko olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.

Ölkə rəhbərliyinin Elman Rüstəmova etimadı niyə azaldı?

2014-2015-ci illərdə baş bankirin talanı durdurmaq üçün nəinki barmağını tərpətməməsi, əksinə, dövlətin valyuta ehtiyatları hesabına manatın məzənnəsini qorumaq kimi absurd addıma getməsi ölkə rəhbərliyinin E.Rüstəmova olan etimadını kəskin azaltdı. Maliyyə-bank sektorunun fəaiyyətinə nəzarət səlahiyyətlərinin əksəriyyəti alınaraq yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Həmin vaxt E.Rüstəmovun vəzifəsindən alınması an məsələsi idi. Lakin palatanın rəhbəri təyin olunan Rüfət Aslanlının işinin öhdəsindən gələ bilməməsi, öz tamahının qurbanına çevrilməsi baş bankiri bu aqibətdən xilas etmiş oldu. Eyni zamanda dünya neft bazarında qiymətlərin Azərbaycan üçün əlverişli diapazonda qərarlaşması ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına, manatın məzənnə enişinin qarşısının alınmasına imkan yaratdı. Bu əlverişli situasiya Mərkəzi Bank rəhbərinin yenidən dirçəlməsinə səbəb olub. Ötən ilin sonlarından etibarən E.Rüstəmov iqtisadi siyasət qərarları ilə bağlı çıxışlar etməyə, necə deyərlər, özünü göstərməyə başlayıb.
Bu ərəfədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kredit faizlərinə limit müəyyənləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olundu. Və 2 dəfə layihənin plenar iclasa çıxarılmasına cəhd olunsa da, gözəgörünməz əl sənədin müzakirəsinin qarşısını aldı. Üstündən bir ay keçməmiş E.Rüstəmov açıq şəkildə layihənin əngəllənməsindəki aparıcı rolunu ortaya qoyub, məsələnin ölkə rəhbərliyi səviyyəsində həll olunduğunu söylədi. Bu, baş bankirin revanşı da sayıla bilər - əksər səlahiyyətləri əlindən alınsa da, hakimiyyət daxilində təsir imkanlarını itirmədiyinin açıq etirafı da...
Beləliklə, görünən budur ki, E.Rüstəmov hansısa yollarla ölkə rəhbərliyində özünə qarşı inamı bərpa edə bilib. Eyni zamanda o da aydın olur ki, o, yenə Azərbaycan üçün yaranan riskləri yanlış qiymətləndirməkdə davam edir. Onun sonuncu hökumət müşavirəsindəki çıxışı göstərir ki, E.Rüstəmova qalsa, 2014-2015-ci illərdəki kimi, Azərbaycanın mümkün qlobal böhranın təsirlərinə hazırlıqsız yaxalanması çox realdır.
E.Rüstəmovun çıxışında Azərbaycanın makroiqtisadi sabitliyi üçün mümkün təhlükələrdən, onların təsirlərinin neytrallaşdırılması üçün hazırlanmalı olan tədbirlərdən deyil, ölkənin valyuta ehtiyatlarının artmasından danışır: görünən odur ki, o, 2014-2015-ci illərdə Mərkəzi Bankın 18 milyard dollarlıq valyuta ehtiyatlarının 4 milyard dolların altına düşməsi kimi acı təcrübədən nəticə çıxarmayıb: “Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir”.
Mərkəzi Bank rəhbəri deyir ki, milli valyutanın məzənnəsi sabitdir: “Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb”.
Yazının əvvəlində də qeyd etdik ki, nə dünya neft bazarında, nə də qlobal iqtisadiyyatda gedən proseslər ölkəmiz üçün müsbət məcralı hesab olunacaq istiqamətli deyil. Bu şəraitdə E.Rüstəmov ilin sonuna qalan 5 aylıq müddət üçün deyil, daha uzunmüddətli dövr üçün görüləcək tədbirlərdən, mümkün risklərdən danışmalıydı əslində. Bunun əvəzində o, iqtisadiyyatda özünün əməyi olmayan müsbət proseslərdən bəhs edir.

MB-nin nağdsız ödənişlər yalanı

Digər tərəfdən, Mərkəzi Bankın səlahiyyətli şəxsləri yenə ölkə ictimaiyyətini aldatmaqla məşğuldur. Belə ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev nağdsız ödənişlərin həcminin aşağı olmasını ciddi problem kimi qabardıb: “Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır”.
Müşavirədə nağdsız ödənişlərin ümumi həcminin Azərbaycanda 2 milyard 300 milyon dollar olması ölkə rəhbəri səviyyəsində vurğulanıb. Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov da bunu təsdiqləyərək bildirib ki, nağd çıxarılan məbləğlər istisna olmaqla rəqəm 2,3 milyar dollardır.
Amma Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova mətbuata məlumat verir ki, bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 12 milyard manatlıq ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyard manat çoxdur. Bu məlumatdan aydın olur ki, Mərkəzi Bank əmək haqqı, pensiya, müavinət və sair kimi karta köçürülüb, heç bir ödəniş edilmədən bir neçə saatdan sonra çıxarılan məbləği də nağdsız ödənişlər kimi qeydə alır. Halbuki reallıqda bu vəsaitlərlə kartlar vasitəsilə heç bir əməliyyat aparılmayıb.
Qeyd edək ki, E.Rüstəmovun belə aktivləşməsi əslində əbəs deyil. Belə ki, gələn ilin aprelində onun Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi səlahiyyət müddəti başa çatır. Görünür, E.Rüstəmov 1995-ci ildən daşıdığı vəzifəsini əldən verməmək üçün indidən hərəkətə keçməyə ehtiyac duyub. Bu günlərdə onun dünya mərkəzi bankları sədrlərinin reytinqində “B” kateqoriyasında yer almasına dair məlumatın da mətbuata ötürülməsi bu ehtiyacdan qaynaqlanan addımdır. Onun bu hərəkətliliyinin nə qədər uğurlu olacağını isə yəqin ki, 2020-ci ilin aprelində görəcəyik...
AFN.az


Paylaş:


Müəllif : Tarix:
27-08-2019, 09:17
Sikayət   


loading...
Загрузка...