reklam
Regionxeberlericom.az » Sosial » MİDA-ya ƏLVİDA deməyin vaxtı deyilmi? - bacarmırlar... ZOR DEYİL Kİ...

reklam

MİDA-ya ƏLVİDA deməyin vaxtı deyilmi? - bacarmırlar... ZOR DEYİL Kİ...


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 güzəştli mənzilin satışı həyata keçirilib.

Ötən seçimlərdə olduğu kimi, bu dəfə də seçimə qatılanların əksəri narazı qalıblar və bildiriblər ki, sistemdə problemlər yaranıb, ən vacib - mənzil seçimi mərhələsində şəbəkə donub...

Həmçinin saniyələr ərzində Hövsan, Yasamal və Gəncə layihələrində satışların bitməsi çoxlarında şübhə yaradıb.

Ekspertlər deyir ki, onlayn qaydada və sanki İT biliklərinin yoxlanışı görüntüsü yaradan bu satış mexanizmindən imtina edilməlidir. Bu sosial layihədirsə, müraciətlər fərdi olaraq yığılmalı, yoxlanılmalı və həqiqətən mənzilə daha çox ehtiyacı olanlar qabağa salınmaqla növbə yaradılmalıdır.

Məlumata görə, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, mənzil seçimində İT biliyi olan şəxslərin qalib olma şansının yüksək olması ədalətlilik baxımından düzgün deyil. O, hesab edir ki, hər kəs üçün əlçatan olan prosedur müəyyən etmək lazımdır: “Lotereya, püşkatma və s. kimi üsulları sınamaq olar. İmtiyazlı kateqoriyaları qruplaşdırıb, hər qrup üçün limit müəyyən etmək olar. Narazılıq çoxdursa, metodun dəyişdirilməsi məqsədəuyğundur. Sistem çökürsə, yüklənmə çox olursa, seçim üçün xüsusi bilik tələb olunursa, bu ədalətliliyi təmin etmir. Nəzərə almaq lazımdır ki, evlərin sayı ilə müraciətlər arasında kəskin fərq var. Ona görə də elə bir üsul tapmaq lazımdır ki, hər kəs üçün bərabər şərait olsun. Maraqlı tərəflərin iştirakını da təmin etmək lazımdır. Bəlkə də MİDA-nı qınamaq düzgün deyil. Ola bilər ki, proses şəffafdır, lakin sistemdə qüsurlar var. İstənilən halda narazılıq varsa, aradan qaldırılması üçün tədbirlər görülməlidir”.

O ki qaldı satış zamanı yaranan texniki nasazlıqlara, İT mütəxəssis Fərid Pərdəşünas prosesin niyə alınmaması haqqında paylaşım edərək detallı məlumat verib:

“MİDA seçimin ədalətli keçməsi üçün hər şeyi etməyə çalışdı, amma bir şeyi nəzərdən qaçırdı. Seçim edən istifadəçilər evlərin siyahısına çatanda klik etdikləri evlər dondu qaldı. Burada əslində klik edən anda sorğunun emal prosesi ”backend"də başlamış oldu. Sadəcə “frontend”də bunu istifadəçiyə göstərə bilmədilər. Buna görə də istifadəçi dəfələrlə başqa evlərə klik etdi və ya səhifəni yeniləndi.

Bu donma qazanan istifadəçilərdə də yaşandı. Amma məsələ odur ki, istənilən halda əgər seçim uğursuzdursa, bunu dərhal ekranda istifadəçiyə göstərmək lazımdır. Əks halda seçimi şəffaf olaraq qələmə verə bilmərsən. Faktiki olaraq MİDA artıq neçənci dəfədir ki, bu işin texniki tərəfini qaldıra bilmir. Burada maksiumum 20000 istifadəçidən söhbət gedir. Rəqəm elə də böyük deyil, amma hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşını atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalmayıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotereya üsuluna keçid edilməlidir. Baxmayaraq ki, mən ötən il çətinliklə də olsa qalib olmuşam, amma ədalət naminə demək lazımdır ki, IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar, ümumiyyətlə, nəyəsə ümid etməsinlər".

O, hesab edir ki, məsələni qəlizləşdirən hal odur ki, bu donan sistemlə kifayət qədər qalib var: “Qaliblər heç bir müdaxilə etmədən eyni tutulma problemini yaşayaraq qalib olublar. Amma digər tərəfdən də sistemin son mərhələdə donması iştirakçının geriyə qayıdıb seçim etmə şansını əlindən alıb. Yəni sistem açılır, evlər var, basırsan seçilmir, qəfil bildiriş gəlir ki, siz seçən ev tutulub. Burada isə artıq geriyə dönüş mümkün deyil. MİDA-dan özümə ev udan biri kimi deyim ki, həmin an olan sevincin sonradan ləğv olunması çox pis bir şeydir. İndi isə bir neçə dövlət qurumuna birlikdə şikayət göndərən və əllərində faktlar olan böyük narazı kütlə var. Bu adamlara da haqsızsan demək olmur, çünki son anda sistem donub və şəffaflıq təmin olunmayıb. Amma qaliblər də susub. Videolar paylaşmaq lazımdır. Mən ötən il qalib olan kimi ictimai rəy olsun deyə paylaşdım. Düzdür, udduğuma görə qan-qarğış yiyəsi oldum, amma şəffaflıq baxımından paylaşmaq lazımdır. Ümumiyyətlə, Yasamal üçün son satışların olması buraya böyük yüklənmə və təlabat yaradıb. Gəncə və Hövsanda problem yaşanmayıb. MİDA rəsmiləri isə məni müşahidəçi kimi izləməyə dəvət etmirlər. Və müşahidəçilərə izlətdikləri sadəcə evlərin tutulma sayı, neçə saniyəyə tutulmasıdır. Bu, doğru deyil. Müşahidəçilərə proses göstərilməlidir. Evlərin qurtarmasını izləmək üçün nə müşahidəçi lazımdır? On minlərlə əziyyət çəkən istifadəçi olub, amma müşahidəçilərə göstərilən evlərin bitmə prosesi olub. Sual olunur: Müşahidəçi orada nəyə baxır? Loq fayllar hanı? Sistem niyə dondu? Dövlət serverləri niyə 20000 nəfəri qarşılaya bilmədi? Bəlkə həmin anda DDOS hücum olub? Suallar çoxdur. Böyük ehtimalla DTX məsələni araşdıracaq. Çünki ciddi arqumentli şikayətlər var. MİDA gözəl layihədir. Bu evlər haqqında kim nə deyirsə, bilin boş şeydir. Bütün tikinti standartlarına əməl olunmuş, ipoteka ilə ən ədalətli qiymətə ala biləcəyiniz evlərdir. Düşünürəm ki, dövlət bu layihəni genişləndirməli, mərkəzə yaxın kompleksləri artırıb, gənclərə ümid olmalıdır. Mən şəxsən bu layihənin olmasını alqışlayıram amma ədalətli seçim sistemi də artıq formalaşmalıdır. Hər il eyni problem bu layihəyə olan inamı itirib. Hücumlar, rüşvət iddiaları isə quruma ciddi zərbə vurub”.

Qeyd edək ki, MİDA seçimdən sonra iradları nəzərə alaraq, belə bir açıqlama yayıb: “29 iyul 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin seçimində iştirak edən vətəndaşlardan mənzil seçimi ilə bağlı müraciətlərini [email protected] ailto:[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Hər bir müraciət fərdi qaydada araşdırılıb cavablandırılacaqdır”.




Paylaş:


Müəllif : Tarix:
1-08-2023, 09:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər