reklam
Regionxeberlericom.az » Sosial » “Köhnə qiymətə mümkün deyil, 300-ə edirlər” - Saxta COVİD-19 pasportu satan həkimin mesajları

reklam

“Köhnə qiymətə mümkün deyil, 300-ə edirlər” - Saxta COVİD-19 pasportu satan həkimin mesajları


İşçiləri saxta peyvənd sertifikatı satan “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılovanın cinayət işinin təfərrüatları məlum olub. Musavat.com xəbər verir ki, işçiləri saxta covid pasportu satan Qənitə İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib. İttihama görə, müdir işçilərinin qanunsuz hərəkətlərindən xəbərdar olmayıb və səhlənkarlığa yol verib.

O, rəhbəri olduğu mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib. Həmin möhürlə saxta COVİD-19 pasportları hazırlanıb. İşçilər həmin pasportları 70-350 manata 100-ə yaxın şəxsə satandan sonra cinayətin üstü açılıb.

Qənitə İsmayılova dindirilən zaman işçilərinin əməlindən xəbərsiz olduğunu, onlara etibar etdiyi üçün möhürü verdiyini deyib. İstintaq zamanı onun işçilərinin pul aldıqları şəxslərlə danışıqları üzə çıxıb.

Bildirək ki, Qənitə İsmayılovadan əvvəl Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynova, tibb bacısı Nailə Musayeva, Mehdiabad Ailə-sağlamlıq mərkəzində mama-ginekoloq Esmira Xudayarova, mərkəzi dəmiryol xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova barəsində cinayət işi açılmışdı. Onlar cinayət əlaqəsinə girərək Qənitə İsmayılovanın müdir olduğu mərkəzin adından COVİD-19 pasportları satıblar.

Cinayət işi materiallarında yer alan sənədlərdə göstərilir ki, bu işlərdə əsasən 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın adı keçir və “müştəri”lərlə o danışıb.

Günay Hüseynova əvvəlcə tanışları, sonra isə tanışlarının tanışlarına covid pasportu satıb. Əvvəlcə 70 manata gördükləri işin qiymətini sonradan 300-350 manata qaldırıblar.

Danışıqlarda saxta pasport alanlardan biri Günay Hüseynovaya yazır: “Anam çox qorxur ki, bu işin zibili çıxar, xətaya düşərik”.

Günay Hüseynova onlara narahat olmamağı məsələhət görüb. Başda pulları sürücüsü vasitəsi ilə alan Günay Hüseynova sonradan iş çoxalanda kart sisteminə keçib. Bölgələrdən də onun kartına pul köçürüb, şəxsiyyət vəsiqəsi göndərib COVİD-19 pasportu alanlar olub.

Vatsap yazışmalarında Günay Hüseynovanın yazdığı mesajlardan biri: “Yad adamlara 100, sizə 50 manat olacaq”. G.Hüseynovanın 50 manat qiymət dediyi şəxs yaxın adamı olub.

Saxta covid pasportları ilə bağlı yoxlamalar başlayan ərəfədə Günay Hüseynova və digərləri qiymətləri 300 manata qaldırıblar.

Bunun səbəbini Hüseynova yazdığı mesajlardan birində belə izah edib: “Əvvəlki kimi deyil. İndi çətinləşdiriblər”.

Telefon yazışmalarında G.Hüseynova ona müraciət edən və əvvəlki ucuz qiymətə covid pasportu almaq istəyən Şəfəq adlı xanıma cavabı yer alır:

“Şəfəq, Allaha and olsun ki, əvvəlki qiymətə heç öz qohumlarımı eləyə bilmirəm. Çünki bizim poliklinikada eləmək mümkün deyil. Başqa bir yerlə eləyirəm. Onlar da 300-dən aşağı eləmirlər. Çünki sentyabr yaxınlaşır. Adam dəhşət çoxdur və hamı da qorxur. Əvvəlki qiymətə mümkün olsa öz qohumlarıma eləyərəm. Heç sürücümü eləməmişəm. Bacımı eləməmişəm, gəlinimizi eləməmişəm. Onların hamısını mən 300-dən edəcəm, yəni cibimdən 300 manat verəcəm. Əvvəlki qiymətə mümkün deyil, heç kim yaxın durmur. Kiməsə ağız açmağın mənası yoxdur”.

Qarşı tərəf isə Günay Hüseynovaya bu qiymətə güclərinin çatmadığını deyərək sağollaşıb.

Qeyd edək ki, G.Hüseynova “sentyabr yaxınlaşır” deyərkən ötən ilin sentyabr ayında karantin qaydalarının yumşaldılacağını, küçəyə çıxmaq üçün COVİD-19 pasortunun mütləq lazm olacağı ilə yayılan fikirlərə istinad edirmiş.

G.Hüseynova və digərlərinin cinayət işi ayrıca icraatda araşdırılıb. Mərkəzin müdiri Qənitə İsmayılova səhlənkarlığa yol verdiyinə görə 1 il cəza alıb. Amma onun cəzası şərti olaraq hesablanıb.

İstintaqla müəyyən edilib ki, poliklinikada saxta covid pasportu satmaq üçün 3 min manat dəyərindən peyvənd məhv edilib, xüsusi qablardan boşaldılıb ki, vurulduğu görüntüsü yaradılsın.

TƏBİB maddi ziyan kimi bu məbləği Mərkəz müdirindən tələb edib. Məhkəmə maddi ziyanla bağlı mülki iddianı təmin edib. TƏBİB həmçinin ictimai nüfuzlarına xələl gəldiyi üçün 10 min manat təzminat istəyib. Məhkəmə bu iddianın min manatını təmin edib.

Qeyd edək ki, Qənitə İsmayılova hazırda da həmin vəzifəni tutur.




Paylaş:


Müəllif : Tarix:
6-04-2022, 12:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər