reklam
Regionxeberlericom.az » Mədəniyyət » Bal OĞLANI itirdik: - Əməkdar artist televiziyalardan narazı köçdü

reklam

Bal OĞLANI itirdik: - Əməkdar artist televiziyalardan narazı köçdü



Əməkdar artist Baloğlan Əşrəfov dünyadan köçdü. Fəqət, televiziyalardan narazı köçdü. Deyəcəklər ki, indiyə qədər televiziyalar Baloğlan Əşrəfov üçün doğma idi, sanki öz evi idi, dəvət etməyəndə inciyirdi (bəlkə də - red.), proqramlara can-başla gəlirdi, nə oldu? İndi “pis” olduq?! Bu mübahisəni tərəflərə buraxaq. Bir tərəf haqq, digərləri hələ ki, nahaq dünyadadı. Amma ortada hazırkı durum üçün çox ciddi ittiham olan məsələ var; Baloğlan Əşrəfov koronavirusa yoluxmuşdu. Və yoluxmasının əsas səbəbkarı kimi televiziyaları göstərirdi. Əməkdar artist “Axşam.az” a belə bir açıqlama vermişdi: “Başlanğıcda Covid-19-u ağır keçirdim. Səhhətimlə bağlı çoxlu problemlərim var idi. Tənginəfəs olurdum. Hazırda müalicəm davam edir. Amma ümid edirəm ki, tezliklə yaxşılaşacam. Evdəkilərdən kimsə yoluxmayıb hələ ki... Mən də otağımda təcrid olunmuş vəziyyətdə müalicə alıram”. Sonra isə sənətçi televiziya kanallarının müğənnilərin səhhətindən xəbəri olmadan efirə dəvət etmələrini qınamışdı. Və məhz bu səbəbdən yoluxanların sayının daha da artdığını demişdi:

"Telekanallarda təbliğat aparmaq lazımdır. Verilişlərə müğənnilərin hamısını çağırırlar. Bilmirlər hansı xəstədir, hansı sağlamdır. Hər kəsə eyni mikrofonu verirlər. Hamı bir mikrofondan istifadə edir. Çöldə maskalı gəzirlər, amma içəridə maskasız. Ona görə də təbliğat aparmaq lazımdır. Elə müğənnilər var ki, ola bilər virusa yoluxub: ya özü bilmir, ya bilərəkdən gizlədir. Onun mikrofonundan mən də istifadə edirəm, başqası da. Nəticədə mən də yoluxuram. Buna görə də nəzarət etmək lazımdır".

Mərhum sənətkarın irad bildirdiyi məqama hələ pandemiyanın ilk vaxtlarında “Şərq” diqqət etmişdi və efirdə yayımlanan proqramlar zamanı, aparıcıların, dəvət edilmiş qonaqların, mütəxəssislərin tibbi maskadan istifadə etməsinin zəruriliyini vurğulamışdıq. İlk vaxtlarda bəzi telekanallar buna əməl edirdi. Hətta müğənnilər bər-bəzəkli maska yarışına da girişmişdilər. Nümunəsi, Xatirə İslamın daş-qaşlı maskada efirə çıxması.

Tok-şoularda da dəvət edilənlər tibbi maskada olurdular. Lakin qısa zamanda bu qaydalar pozuldu. Karantin qaydaları görməzdən gəlindi. Mərhum sənətkarın dediyi kimi, dəvət edilənlərin studiyada bir-birinə yaxın məsafədə, həm də tibbi maskasız əyləşməsi, proqramın gedişində eyni mikrofondan istifadə halları artdı. Hazırda da vəziyyət belədir. İradlara qarşı tv-lərin arqumenti bu olur ki, dəvət olunanların TV binasına girişdə hərarətləri yoxlanır, dezinfeksiyaedici məhluldan istifadə edilir. Lakin rəhmətlik Baloğlan Əşrəfovun dediyi kimi, dəvət edilənlərin hansının yoluxmuş, hansının xəstə, hansının sağlam olduğunu təkcə hərarətölçənlə müəyyənləşdirmək mümkün deyil. Qonaqların “xəstə deyiləm”, sözünə də nə dərəcədə etibar etmək olar?! Deməli, tv-lər yenə də köhnə şakərlərindən əl çəkmir. Xəstə, sağlam, kim necədir bilmədən, ehtiyat da etmədən, proqrama dəvət edirlər. Heç koronavirus da onları proqramda pul qazanmaq niyyətindən çəkindirə bilmir. Amma hazırda qarşımızda səhiyyə sistemi, əczaçılıq sənayesi dünyaya örnək olan böyük Hindistanın acı mənzərəsi dayanıb. Bu ölkədə, yəqin ki, sanitar-karantin qaydalarına doğru-düzgün əməl edilmədiyindən bu gün koronavirusdan vəfat edənləri basdırmağa yer belə tapmırlar. Bu gün qazandığımız pullar sabah virusa yoluxduqda bizə kömək edə bilməyəcək. Pandemiya dövründə iştəhanı azacıq da olsa basdırmada fayda var.

Məsələ ilə bağlı fikirlərini “Şərq”ə bildirən Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli qeyd etdi ki, pandemiya şəraitində televiziyalar xüsusi iş rejimində çalışmalıdır:

- Studiya, texniki avadanlıqlar tez-tez dezinfeksiya edilməlidir. Fərdi mikrofanlar olmalıdır. Bəzən məhdud texniki imkanlar bunun təmin edilməməsinə səbəb ola bilər. Lakin tv-lər çalışmalıdır ki, fərdi mikrofonlardan istifadə edilsin. Virusun yayılma sürəti, əşyaların üzərində qalma müddəti də var. Efir zamanı bu məqamlara, şərtlərə diqqət edilməli və karantin qaydalarına əməl olunmalıdır. Mən dəvət olunduğum proqramlarda bu məqamlara diqqət edildiyini görmüşəm. Amma ola bilər ki, hansısa tv-də, hansısa proqram yayımı zamanı qaydalara riayət edilməsin, yoluxma riski nəzərə alınmasın. Əlbəttə, belə hallar insanların fəlakətinə gətirib çıxara bilər. Çünki televiziya canlı orqanizmdir, burda hər gün yüzlərlə insan bir-biri ilə ünsiyyətdədir, təmasdadır.

Q.Məhərrəmli qeyd etdi ki, efirdə, yayım zamanı aparıcıların, qonaqların, proqram iştirakçılarının tibbi maskalardan istifadəsi görüntü baxımından xoşagəlməz ola bilər. Lakin yenə də vəziyyət şəraitə uyğun müəyyənləşməlidir:

- Əgər aparıcı ilə proqram iştirakçısı arasında 1,5 – 2 metr ara məsafəsi varsa, tibbi maskasız yayım mümkündür. Yox əgər, tok-şoudursa və studiyada çox sayda iştirakçı varsa, ara məsafə qısadırsa, iştirakçılar, yaxud qonaqlar bir-birinə yaxın məsafədə əyləşibsə, bu zaman tibbi maskalardan istifadə edilməlidir. Elə etməyək ki, bu gün proqrama dəvət edilən qonağın sabah virusa yoluxduğu aşkarlansın. İctimaiyyətə, topluma hansısa vacib məsələ barəsində məlumat vermək, ya da tamaşaçını əyləndirmək məqsədilə efirə dəvət edilən qonağın həyatına bais olmasınlar.


Paylaş:


Müəllif : Tarix:
28-04-2021, 12:23
Sikayət   


loading...
Загрузка...