Tikinti bazarındakı bahalaşmanın əsas səbəbləri - “Rüsumlar ləğv edilməlidir” - Açıqlama
Hər sahədə olduğu kimi, tikinti materialları bazarında da bahalaşma müşahidə edilir. Ötən ilin payızından başlanan bahalaşma son iki ayda daha da kəskinləşib. Son aylarda qiymət artımı, əsasən, taxta və digər ağac materiallarda müşahidə olunur. Xüsusilə ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb.
Bəs bahalaşmanın səbəbi nədir? İnşaat malları sektorundakı qiymət artımları daşınmaz əmlak bazarına da təsir edirmi?
Məsələ ilə bağlı millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, bahalaşma tikinti işlərinin xərcinə təsir göstərir:
“Azərbaycan inşaat materiallarına olan tələbin əhəmiyyətli hissəsini qonşu ölkələrdən idxal edir. Xüsusən də taxta materiallar qonşu Rusiyadan idxal olunur. Təbii ki, Rusiyada qiymətlərin artması, Azərbaycanın inşaat bazarında qiymət artımlarına gətirib çıxarır. İnşaat bazarında qiymət artımlarının olduğunu nəzərə alsaq, bu, tikinti işlərinin xərcinə təsir göstərir.
Amma bir məsələni də nəzərə almaq lazımdı ki, Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirləri tətbiq olunur. Buna əsaslanıb tikinti materialları bazarında süni qiymət artımları ilə bağlı mübarizəni gücləndirmək lazımdır. Əgər süni şəkildə qiymət artımları varsa, onun qarşısının alınmalıdır. Ümumiyyətlə, tikinti materiallarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmalıyıq ki, dünya bazarında qiymət artımları baş verən zaman Azərbaycanın istehlak bazarına ciddi təsir göstərməsin”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, hökumət xaricdən gətirilən və çox böyük tələbat olan məhsullarda qiymət artımının qarşısını almaq üçün gömrük rüsumlarını ləğv edə bilər:
“Azərbaycanda tikinti materialları bazarında qiymət artımının çox böyük sürətlə getməsi məlumdur. Artıq bununla bağlı araşdırmalar və müqayisəli qiymətlər də var. Kifayət qədər ciddi problemdir. Lakin problemin bir hissəsi Azərbaycandan qaynaqlanmır. O mənada ki, tikinti bazarında xaricdən gətirilən məhsullar böyük üstünlük təşkil edir. Xarici bazarlarda qiymət artımları birbaşa Azərbaycanda da qiymət artımlarına təsir göstərən amilə çevrilir. Xaricdəki qiymət artımı ölkəyə idxal inflyasiyası kimi daxil olur”.
N. Cəfərli vurğulayıb ki, məsələnin daxildən qaynaqlanan səbəbləri də var:
“Birincisi Qarabağda təmir-tikinti işləri sürətləndikcə, bu bazarda disbalans yaradır. Müəyyən mənada tikinti materiallarına tələbatın çoxalması qiymət artımı ilə də müşahidə olunur. İkincisi, istehsal həcmləri bizdə azdır. Çalışmalıyıq ki, Azərbaycanda istehsal həcmləri artsın ki, qiymət artımı ilə bağlı bazarda problemlər dərinləşməsin... Üçüncü məsələ isə hökumət xaricdən gətirilən çox böyük tələbat olan məhsullarda qiymət artımının qarşısını almaq üçün gömrük rüsumlarını ləğv edə bilər. Əgər gömrük rüsumlarını bir müddətlik ləğv etsələr, bazarda müəyyən balansın yaranmasına, qiymətlərin sabitləşməsinə kömək ola bilər. Amma əsas hədəf yeri istehsalın artırılması üçün yolların tapılması olmalıdır”.(Bakupost)
Paylaş: