reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Ödənilməyən ƏDV-lər kimlərin cibinə gedir? - AKTUAL

reklam

Ödənilməyən ƏDV-lər kimlərin cibinə gedir? - AKTUAL












Prezident İlham Əliyevin fərmanına əsasən, 21 mart 2020-ci il tarixindən Əlavə Dəyər Vergisinin(ƏDV) müəyyən hissəsinin vətəndaşlara geri qaytarılmasına başlanılıb. Bu tarixdən bəzi restoranlarda, supermarket və digər pərakəndə ticarət obyektlərində, kafelərdə alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi sonradan alıcılara ödənilir. Bu proses bir neçə mərhələdən ibarətdir.

İlk öncə alış-veriş edən fərdi şəxslərə e-kassa vasitəsi ilə ƏDV çeki təqdim olunur. Vətəndaş “edvgerial.az” elektron portalında qeydiyyatdan keçdikdən sonra çekin üzərindəki 12 simvollu fiskal İD-ni şəxsi elektron kabinetində sistemə daxil edir. Beləliklə, müəyyən olunmuş ƏDV məbləği 30 gündən sonra onun virtual balansına köçürülür. Qeyd edək ki, satış mərkəzindən təqdim olunan çekin müddəti 90 gündür.

Nağdsız ödəniş zamanı ƏDV-nin 15 faizi, nağd ödənişdə isə 10 faizi müştəriyə geri qaytarılır. İstifadəçilər toplanmış vəsaitlə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Bank köçürmələri zamanı məbləğ 5 - 500 manat aralığında müəyyənləşdirilib. Qeyd edək ki, bu köçürmələr yalnız "Kapital Bank" və "Beynəlxalq Bank" kartları vasitəsi ilə həyata keçirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 3 noyabr tarixində keçirilən iclasında ƏDV-nin qaytarılması mexanizminin avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına şamil edilməməsi təklif olunub. Bundan əvvəl isə tibbi xidmətlərin göstərilməsi zamanı və yancaqdoldurma məntəqələrində ƏDV çekləri verilmirdi. Məlumat üçün qeyd edək ki, 2022-ci ildən özəl tibb müəssisələrində göstərilən xidmətlər zamanı fiziki şəxslərə ƏDV çeklərinin verilməsi nəzərdə tutulur.

Vergilər Nazirliyinin məlumatına əsasən, ƏDV-nin qaytarılması üçün yaradılmış elektron portalda indiyədək 1,5 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Cari ilin 9 ayının statistikasına əsasən, iki müvəkkil bank xətti ilə 296.851.431 çek üzrə vətəndaşlara 119 milyon 660 min 913 manat həcmində ƏDV məbləği geri qaytarılıb. Lakin vergidən yayınmaların qarşısını almaq üçün tətbiq olunan bu sistemdə nəzərəçarpan boşluqlar da az deyil.

Vətəndaşların narazılıqlarına gəlincə, bir çox satış mərkəzlərində ƏDV çeki verən aparatların olmaması, yaxud işləməməsi, verilən çeklərin keyfiyyətsiz olmasına görə portala yüklənməməsi və sistemdə yaranan problemləri sadalamaq olar.

Paytaxt sakini Leyla Məlikova "AzPolitika.info"ya bildirib ki, əksər marketlərdə alış-veriş edən zaman ƏDV çekləri verilmir: "Yaşadığımız ərazidə fəaliyyət göstərən 9-10 marketdən cəmi bir-ikisində ƏDV çeki verən aparat mövcuddur".

Hüseyin Əliyev isə deyir ki, ƏDV çekini alıcı tələb etməli deyil: "Bəzən elə olur ki, çek almaq yadımdan çıxır. Tələb etməyəndə də kassir çeki vermir. Düşünürəm ki, vətəndaş istəməsə belə, ona çek təqdim olunmalıdır".

İqtisadçı-ekspert Cavid Vəlizadə "AzPolitika.info"ya bildirib ki, pərakəndə ticarət obyektlərində sahibkarlar ya sadələşdirilmiş vergi, ya gəlir vergisi, yaxud əlavə dəyər vergisi ödəyicisidirlər: "Sahibkarın işlətdiyi obyektin illik dövriyyəsi 200 min manatı keçərsə, məcburi şəkildə ƏDV ödəyicisinə çevrilmiş olur. Bundan əlavə könüllü şəkildə ƏDV ödəyicisi olmaq da mümkündür. Amma pərakəndə ticarətdə illik dövriyyə balansı aşağı olduqda bu, sahibkarlara sərf eləmir və onlar sadələşdirilmiş vergiyə üstünlük verirlər".

Ekspert çeklərlə bağlı yaranan problemlərə də aydınlıq gətirdi: "Bəzən olur ki, vətəndaş ƏDV çekini portaldakı şəxsi hesabına daxil edən zaman ona bildirilir ki, bu qəbz artıq ödənilib. Bu zaman problem həmin kassa aparatını quraşdıran şirkətlə bağlıdır. Aparat quraşdırıldıqdan sonra ƏDV sisteminə qoşulmaq üçün onun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyata alınmadıqda bu kimi problemlərlə qarşılaşmaq mümkündür. Ola bilər ki, şirkət əvvəlcədən ƏDV-ni alıb, müştəriyə ƏDV-si vurulmuş məhsulu satır. Amma bu, sadəcə bir ehtimaldır. Çünki ƏDV-nin hesaba köçürülməsi müəyyən vaxt tələb edən prosesdir".

C.Vəlizadə qeyd edir ki, ƏDV sisteminin bazara daxil olması məhsulların qiymətində bahalaşmaya səbəb olub.

"Əslində, ƏDV istehlakçı vergisi hesab olunur və həmin şəxsdən alınır. Yəni istehlakçının ödədiyi məbləğin daxilindən ona geri ödəniş olunur. Bu ticarətdə qazanan tərəf isə iri şirkətlər və sahibkarlardır", - deyə iqtisadçı vurğulayıb.

İllik ticarət dövriyyəsi milyonlarla manat olan "Sədərək", "Binə", "Dərnəgül" və başqa ticarət mərkəzlərində isə nəinki ƏDV, ümumiyyətlə sadə çek verən aparatlar belə yoxdur. Nəticədə sahibkarlar göz görə-görə dövriyyələrini gizlədir və vergidən yayınırlar.




Paylaş:


Müəllif : Tarix:
17-11-2021, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər