reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbovun ən uzaqgörən qərarı: Naxçıvanda Daxili İşlər naziri kim olacaq?

reklam

Vasif Talıbovun ən uzaqgörən qərarı: Naxçıvanda Daxili İşlər naziri kim olacaq?


















Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Naxçıvan MR DİN-in gedər-gəlməz məzuniyyətə göndərilən legitim naziri Fazil Ələkbərovdan sonra bu posta ən uyğun namizəd axtarışına başlanılıb və hazırda əsasən 4 namizəd üzərində durulur:
 
 1. De-yure nazir Fazil Ələkbərov;
 
2. De-fakto nazir Rəşad İsmayılov; 
 
3. Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimov;
 
4. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov.
 
Ovqat.com-un Naxçıvan MR-dəki yüksək dairələrindəki adının çəkilməsini istəməyən qaynaqlardan əldə etdiyi məlumata görə, son zamanlar 5-ci namizəd də peyda olub. Üstəlik, bu namizəd heç də digərləri kimi “arabanın 5-ci təkəri” sayılacaq şəxslərdən deyil. Böyük ehtimalla, Muxtar Respublika rəhbərliyi çox düşünəndən sonra məhz həmin namizədin üzərində dayanacaq. 
 
Yəqin, bu şəxsin kim olduğunu, türklər demişkən, maraq etdiniz? Səbrli olun, yazının sonlarında bu şəxs barədə geniş məlumat veriləcək. Hələlik isə onu deməklə kifayətlənmək istərdik ki, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə sayca 5-ci namizəd tapılsa da, bu gün rəhbərliyin masası üzərindəki dosyaların sayı dəyişilməyib. Yəni, Naxçıvan həqiqətləri riyaziyyat elminin bütün qızıl qaydalarını alt-üst edərək maraqlı bir formul ortaya çıxarıb: 
 
4+1=4.
 
Axı bu, necə mümkün, deməyin. Məsələ burasındadır ki, əvvəla, burada söhbət Naxçıvandan gedir və əgər Cənab Sədr istəsə 4+1=3 də ola bilər. İkincisi, əvvəlki 4 namizəddən biri Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov ona gətirilən nazirlik təklifini geri çevirib. Cavabı isə nə olsa yaxşıdır? – “Sizi and verirəm Həzrət Abbasın qələm olmuş qollarına, xətanızı məndən uzaq edin”


 
Qeyd edək ki, Zahid Gözəlov bir vaxtlar Azərbaycan DİN-nin informasiya şöbəsinin rəhbəri Sadıq Gözəlovun yaxın qohumudur. Yəni kifayət qədər informasiyalı adamdır. O, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə təyin olunmağı “xətalı” və təhlükəli addım sayırsa, deməli, bildiyi bir şeylər var. 
 
Bununla belə, Zahid Gözəlovun nazirlik vəzifəsindən imtina qərarının Naxçıvanın polis əməkdaşları tərəfindən üzüntü ilə qarşılandığı da gələn bilgilər arasındadır. Söhbətləşdiyimiz bir sıra keçmiş polis əməkdaşları birmənalı olaraq Zahid müəllim barədə xoş sözlər söylədilər. Onun xaraktercə yaxşı insan, iş qabiliyyəti baxımından peşəkar polis olduğu vurğulanır. Bütün hallarda Z.Gözəlov kimi ləyaqətli kadrın bəlkə də öz işgüzar karyerasında qarşılaşacağı ən yüksək postdan imtina etməsi həqiqətən üzücüdür. Başqa yerlərdə nazir olmaqdan yana kadrlar az qala dəridən-qabıqdan çıxırlarsa, Naxçıvanda öz ayağı ilə hüzuruna gələn xoşbəxtlikdən özün imtina edirsən. Analoqsuz məmləkət ancaq belə olar, zənnimizcə. Bir də bəzi ağzıgöyçəklər iqtidar təbliğatçılarının tez-tez dilə gətirdiyi bu əsrarəngiz söz birləşməsinə rüşxənd edib dodaq büzürlər.
 
İndisə gəlin, keçək digər namizədlərə.
 
İnformasiya mənbəmizin bildirdiyinə görə, namizədlərdən digərinin – de-yure nazir Fazil Ələkbərovun da şansı gedərək tükənir. Xatırladaq ki, o, 01.11.2021-ci il tarixdə öz hesabına ödənişsiz məzuniyyət göndərilmişdi. Məzuniyyət vaxtı bitsə də hələ də de-yure nazir işə çıxmır. Cənab Vasif Talıbov artıq 3-cü aydır ki, Fazil Ələkbərovu vəzifəsindən azad edə bilmir, ya da azad etmək istəmir. 


 
Amma son vaxtlar Naxçıvan MR DİN-dəki bəzi təyinatlar Fazil Ələkbərovun yenidən öz postuna qayıda biləcəyi ehtimalını tam istisna etməyə də imkan vermir. Belə ki, bir neçə gün bundan əvvəl Fazil Ələkbərovun adamı hesab olunan iki polis məmuru sözügedən strukturda məsul vəzifəyə gətirilib. Onlardan biri polis kapitanı Şahin Qasımov, digəri isə polis polkovnik-leytenantı Məmmədəli Məmmədovdur. Bu şəxslərin kimliyi barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə tıklaya bilərlər.
 
https://ovqat.com/olke/53645-naxcvan-dn-d-yeni-kadr-tyinatlar-olub.html
 
Yeni təyinatların səbəbi bir sıra amillərlə izah olunsa da, versiyalar arasında Fazil Ələkbərovun yenidən öz vəzifəsinə qaytarılması ehtimalı da yer alır. Baxmayaraq ki, bu versiyaya Naxçıvanın polis orqanlarında inananlar yox səviyyəsindədir. Amma o da var ki, Naxçıvanda bəzən inanılmaz möcuzələr peyda olur.
 
Digər namizəd, sözsüz ki, de-fakto nazir polis polkovniki Rəşad İsmayılovdur. 2021-ci ilin əvvələrində Naxçıvan DİN-ə nazir müavini təyin olunan Rəşad İsmayılovun əsas missiyası Fazil Ələkbərovu “vurmaq” idi. İddialara inansaq, bu təlimatı Naxçıvanın “boz kardinalı” ləqəbi ilə tanınan Azər Zeynalov və el arasında “Cənab Sədrin qara mələyi” kimi ün qazanan Cəlil Rüstəmov tərəfindən verilmişdi. Bildirilir ki, de-fakto nazir Rəşad İsmayılov Cəlil Rüstəmovla kirvədir və bu vəzifəyə təyin olunmasını peyğəmbər sünnətinə borcludur.


 
 Bildirilir ki, öz üzərinə götürdüyü vəzifəni xüsusi məharətlə yerinə yetirən Rəşad İsmayılov “keçmiş quda”nın kitabı bağlandıqdan təxminən 1 ay sonra, daha dəqiqi, 15.12.2021-ci il tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin 168-06/S nömrəli sərəncamı ilə “nazir səlahiyyətlərini icra edən” şəxs vəzifəsinə təyin olundu. Belə bir vəzifənin mövcud olmadığını nəzərə alan bir çox polis əməkdaşları yaxınlarda Rəşad müəllimin həqiqi nazir olacağını gözləyirdilər. Lakin zaman uzandıqca, peyğəmbər sünnətinin hər yerdə, xüsusilə də “ala qarğanın bala çıxara bilmədiyi” Naxçıvanda o qədər də işə yaramadığı faktı inandırıcılıq qazanmağa başlayır. 
 
İnformasiya mənbəmiz bunu olduqca normal hesab edir və Cənab Sədrin uzaqgörənliyinə bağlayır: “Rəşad İsmayılov düzgün seçim deyildi. Çünki cənab İsmayılov səriştəsiz, idarəetmə qabiliyyəti olmayan və düzgün kadr seçə bilməyən şəxsdir. Rəşad İsmayılovun səriştəsizliyinin nəticəsidir ki, artıq Naxçıvan DİN-də bir çox şəxs onunla işləmək istəmir. Əlbəttə ki, haqlıdırlar da. Çünki, cənab İsmayılov, məntiqsiz göstərişlər verərək, camaatı boğaza yığıb. İsmayılovu bu vəzifəyə təqdim edərkən, bəzi şəxslər cənab Vasif Talıbovu həqiqətən də aldatdılar. Etiraf edək ki, Vasif Talıbov ağıllı və uzaqgörən siyasətçidir, gec də olsa Rəşad İsmayılovun sərişətisizliyini gördü” (Görünür, informasiya qaynağımız “uzaqgörənlik”lə “gec görməkliyi” iki ayrı kateqoriyaya şamil edir – Ovqat.com).


 
Dördüncü namizəd Gündüz Qədimovun təklifinin Cahan Holdinqin sədri və Naxçıvan MR Ali Məclisinin deputatı Vüqar Abbasov tərəfindən verildiyini bildirən mənbəmizin dediklərinə görə, haqqında danışdığımız bu şəxs təqaüddə olan polis mayoru idi: “O, təqaüdə çıxdıqdan dərhal sonra Cahan Holdinqinin təhlükəsizlik şöbəsinin rəisi təyin olundu. Naxçıvana Daxili İşlər naziri axtarışına başlandıqdan sonra isə təqüddən geri çağırılan Gündüz müəllim Naxçıvan DİN-in Mühafizə Polisi Şöbəsinə rəis göndərildi. Gündüz müəllim hal-hazırda özünü Naxçıvan DİN-in naziri kimi aparır. Lakin təəssüflər olusun ki, Gündüz Qədimovda düzgün kadr deyil. Bunun səbəblərini burda yazmaq düzgün deyil. Cənab Vasif Talıbov Gündüz Qədimovun keçmişini ətraflı araşdırsa nə demək istədiyimizi anlayacaq. Həqiqətən istəmərik ki, cənab Talıbovun ətrafında olan işbazlar onu növbəti dəfə aldatsınlar. Çünki, Daxili İşlər Nazirliyi dövlətin daxili onurğasıdır. Onurğanın üstünə isə hər yoldan keçəni baş qoymaq olmaz”.
 
Hə, indi gəldik əsas məsələyə. Mənbəmizin iddiasına görə, Naxçıvan Daxili İşlər naziri postuna 5-ci namizədin adı Qasım Həsənov adlı şəxsdir. 
 
Qasım Həsənovun hətta Naxçıvan MR DİN-də belə olmayan tərcümeyi halına gəlincə, o, 02.09.1966-cı ildə Culfa rayonunda anadan olub. Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Naxçıvan DİN-də mühüm vəzifələrdə çalışıb. Uzun müddət Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində xidmət edib. Hazırda isə Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisidir. Qasım Həsənov faktiki olaraq Naxçıvan DİN-in əməliyyat aparatının rəhbəridir. Rütbəsi polis polkovnikidir. 


Günün qəhrəmanı Qasım Həsənov

2021-ci ildə 55 yaşı tamam olduğu və daxili işlər orqanlarında son yaş həddinə çatdığı üçün təqaüdə göndərilməsi üçün ərizə belə yazıbmış. Ancaq Naxçıvan MR Ali Məclisinin sədri, cənab Vasif Talıbov Qasım Həsənovun təqaüdə göndərilməsinə razılıq verməyib”.
 
Mənbəmiz Cənab Sədrin bu hərəkətini də onun “uzaqgörənliyi” ilə izah edir: “Cənab Vasif müəllim də bilir ki, Qasım Həsənovsuz Naxçıvan DİN olmaz. Real vəziyyəti təhlil etsək, hazırda Qasım Həsənov Naxçıvan DİN-in yükünü təkbaşına öz çiyinlərində daşıyır. Qasım Həsənov çox ləyaqətli, bacarıqlı, idarəetmə qabiliyyəti yüksək olan, heç kimə qarşı haqsızlıq və ədalətsizliyə yol verməyən, şərəfli, polis peşəsinin və tutduğu mövqeyin ağırlığını düşünərək hərəkət edən, həm vətəndaşlar, həm də bütün polis əməkdaşları tərəfindən sevilən, dövlətinə, vətəninə sədaqətli olan, bir şəxsiyyətdir. Həqiqətən Qasım Həsənov kimi bir şəxs Naxçıvan DİN-ə gəlməyib və bundan sonra da çətin gələr
 
Əslində cənab Vasif Talıbov Qasım Həsənovu təqaüdə göndərməməklə çox düzgün addım atıb. Qasım Həsənov təqaüdə getsəydi, Naxçıvan DİN-in bu günkü vəziyyətini düşünmək belə çətin idi. Naxçıvan Daxili işlər naziri vəzifəsinə, bütün hər kəs tərəfindən sevilən və Muxtar Respublikanın polis orqanlarında ağsaqqal kimi hörməti saxlanılan Qasım Həsənovdan layiqli kadr gələ bilməz. Qasım Həsənovun xidməti keçmişinə diqqət yetirsək, onun nə qədər mühüm bir şəxs olduğunu görə bilərik. Bu gün bataqlığa batmış Naxçıvan DİN-i o durumdan yalnız Qasım Həsənov çıxara bilər. Cənab Vasif Talıbov, işbilməz və bacarıqsız kadrlara etimad göstərib vaxt itirməkdənsə, Qasım Həsənova etimad göstərməsi ən düzgün qərar ola bilər”.
 
Təbii ki, bütün bunlar Naxçıvandakı mənbələrimizin mülahizələridir. O da istisna deyil ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin ən yüksək postuna təyinat Bakı tərəfindən verilsin və bu, heç kimin gözləmədiyi sürpriz şəxs olsun. Zənnimizcə, Naxçıvan DİN-dəki hərc-mərcliyə son qoymağın ən qısa yolu da məhz budur: Heç kimi tanımayan və heç kimin tanımadığı, dolayısıyla hər kəsə eyni gözlə baxan nazir. O nazir ki, yeri gələndə paytaxtın sözünü daha üstün tuta və sosial şəbəkələrdə ölkə rəhbərliyini tanımadığını açıq-aşkar bəyan etməkdən çəkinməyən istənilən zabiti cəzalandırmağı bacara.




Paylaş:


Müəllif : Tarix:
24-01-2022, 08:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər