reklam
Regionxeberlericom.az » Gündəm » “Qarabağda döyüşməyib, deyir veteranam...” - Qazi adından istifadə edən dələduzlar

reklam

“Qarabağda döyüşməyib, deyir veteranam...” - Qazi adından istifadə edən dələduzlar



Son günlər bəzi işbazların Qarabağ veteranları və şəhid ailələrinin adından sui-istifadə etməsi halları müşahidə olunur. Sosial şəbəkələr və bəzi media qurumları vasitəsilə müəyyən şikayətlərlə gündəmə gəlməyə çalışan belə şəxslər bu yolla dövlətdən hansısa imtiyazlar əldə etməyə can atırlar. Sonradan məlum olur ki, vəziyyət heç də göründüyü kimi deyil və dələduzluğu həyat tərzi seçənlər hazırki həssas durumda veteran və şəhid ailəsi mövzusundan öz şəxsi maraqları naminə yararlanmağa çalışırlar.
Saxta "qazilər" kimlərdir? Onlarla necə mübarizə aparmalıyıq?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azvision.az -a açıqlamasında bildirib ki, şəhid ailəsi, müharibə əlili, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızı işğaldan azad edən qazilərin mövqeyi cəmiyyətdə hər zaman öndə tutulur.

“Həm dövlətimiz, həm cəmiyyətimiz onlara böyük diqqət və qayğı göstərir. Əlbəttə, onların da böyük haqları var. Burada iki məsələni bir-birindən ayırd etmək lazımdır: həqiqətən şəhid ailəsi və Qarabağ əlili olan şəxslərə münasibət və saxta, qondarma veteran və yaxud Qarabağ əlili vəsiqəsi əldə edən, bu addan istifadə edərək özünə müəyyən imtiyazlar qazanan və cəmiyyətə qarşı hörmətsizlik göstərən adamlar. İkinci qrup sırf cinayətkardır. Saxta əlillik dərəcəsi, veteran vəsiqəsi əldə etmək və o imtiyazlardan yaralanmaq sırf cinayət əməlidir. Buna qarşı hüquq-mühafizə orqanları tədbir görməli və vaxtaşırı cəmiyyətə məlumat verməlidir. Birinci Qarabağ müharibəsində dövlətimiz hələ möhkəm qurulmamışdı, ordumuz demək olar ki, yox idi. İlkin illərdə, xüsusən 1991-1992-ci illərdə özünü müdafiə batolyanı və mülki şəxslərin cəlb olunduğu hərbi birləşmələr var idi ki, onların da çoxu qeydiyyatda deyildi. Bəzən görürdün ki, kəndin bütün sakinləri müharibədə olmuş kimi eyni vəsiqəni ala bilirdi. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində bu məsələnin nə qədər ciddi əhəmiyyət kəsb edildiyi başa düşüldü. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər əlaqədar təşkilatlar müəyyən tədbirlər görərək saxtakarlıqların bir hissəsini ifşa etdilər. Onlardan hələlik qalanlar və sonradan belə vəsiqə edilənlər də var. Hətta mətbuatda oxuyuram ki, Rusiyada yaşayıb, sonra Azərbaycana gəlib, burada müharibə əlili vəsiqəsi ala bilənlər var”.

"Avtoqəzada yaralanan şəxs Qarabağ əlili vəsiqəsi alıb"

Onların - dələduzların bir şəbəkə olduğunu deyən komitə sədrinin fikrincə, həmin şəxslərə qarşı ciddi mübarizə aparılmalıdır.

“Təkcə dövlət qurumları deyil, ictimaiyyət nümayəndələri, xüsusən QHT-lər burada fəal olmalıdır. İşbazların Qarabağ əlili və şəhid ailəsi adından istifadə edərək işlərini həll etməyə çalışması yeni məsələ deyil. 90-cı illərin əvvəllərində, I Qarabağ müharibəsindən sonra belə hadisələrin çox şahidi olduq. Həqiqi Qarabağ əlili müəyyən qədər diqqətdən kənarda qalırdı. Qarabağda döyüşməyən, məişət qəzasında, avtoqəzada xəsarət alan saxta yolla Qarabağ əlili vəsiqəsi alırdı və bütün imtiyazlara yiyələnirdi. İndi də buna cəhdlər var. Lakin bu gün ordumuz tam hüquqi əsaslarla qurulub və müharibədə olmayan kimsə saxta yolla bu hüququ əldə edə bilməyəcək”.

M.Quliyev onu bildirib ki, bəzən hansısa iş adamları həqiqi əlillərdən istifadə edərək, onları qabağa verərək dövlət qurumlarında özlərinin qeyri-qanuni əməllərini həyata keçirmək istəyirlər.

“Bununla əlaqədar bütün orqanlar, hüquq mühafizə orqanları, prokurorluq orqanları əldə etdikləri məlumatları ictimaiyyətə açıqlamalıdırlar ki, cəmiyyətdə onlar ifşa olunsun. Vətən müharibəsi şəhidi və qazisi adı böyük addır. Bu adı ləkələyib hörmətdən salmaqla bütövlükdə cəmiyətdə müqəddəs dəyələrimizə hörmət aşağı düşür. Belə insanlar mütləq ifşa olunmalıdır".

"İşlərini aşırmaq üçün qaziləri qabağa verirlər"

Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev isə bildirib ki, saxta Qarabağ əlili adı alanlar bu əməlləri ilə həqiqi qazilərin adlarına ləkə gətirirlər:

“Vətən üçün yaralanmağımız o demək deyil ki, oradan sağ-salamat gələndən və qazi olandan sonra öz istədiyimizi edəcəyik. Bu, o anlama gəlmir. Bu, o deməkdir ki, mən hər zaman vətən üçün canımı verməyə hazıram. Əgər döyüşdən sağ-salamat qayıtmısansa, gənclərə örnək olmalısan. Əgər bir qazinin işi qanunidirsə, o, niyə intihara cəhd edir və ya özünü yandırır? Buna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi ciddi yanaşmalıdır. Saxta yolla əlillik alanların belə hərəkətləri utancvercidir. Baxırsan ki, biri telefon götürüb çəkir, biri özünü yandırmaq istəyir. Ayıbdır, biz vətəni bunun üçün qorumadıq ki, saxtakar qazilərin kölgəsində yataq”.

N.Mehdiyev qeyd edib ki, burada həm sahibkar, həm də qazi öz vicdanını ortaya qoymalıdır: “Sahibkar özü işini aşırmaq üçün qaziləri qabağa çəkir. Maddiyyatla kimlərisə satın ala bilərsən, lakin bunun sabahı var. Belə olanda qazi gözdən düşür. Qazi adından istifadə edənlərə səslənmək istəyirəm ki, öz vicdanlarını pula satmasınlar. Biz Vətənə xidmət etmişik. Pula görə, yaxud hansısa imtiyaz əldə etmək üçün şərəfli qazi adına kölgə salmaq olmaz. Buna yol verənlər cəzalandırılmalıdır".


Paylaş:


Müəllif : Tarix:
8-06-2021, 10:24
Sikayət   


loading...
Загрузка...