“Bizi xilas edin, cənab Prezident” - Lerikin sərhəd kəndləri çarəsiz vəziyyətdə
Lerik rayonunun mərkəzindən sərhəd bölgəsində yerləşən Kekonu və Sorsçay kəndlərinə yolunuz düşərsə, qəribə mənzərə ilə qarşılaşa bilərsiniz. Abadlaşdırılmış rayonun mərkəzindən Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinə qədər müasir tələblərə cavab verən yol infrastrukturunun çəkilişinə hazırlıq göz oxşayır. Prezident İlham Əliyevin sərəncamları ilə qurulan bu infrastruktur adıçəkilən kəndləri rayon mərkəzi ilə birləşdiriəcək, Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinin sakinlərinə rahatlıq verəcək. Çünki yol həm iqtisadiyyat, həm sosial inkişaf, həm də həyat deməkdir.
Qaynarinfo-nun verdiyi məlumata görə, Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərini birləşdirən müasir yol infrastrukturundan cəmi 3 kilometr məsafədə yerləşən Kekonu və Sorsçay kəndlərinin sakinləri isə həm iqtisadiyyatdan, həm sosial inkişafdan, həm həyatdan, həm də ümumiyyətlə, sivilizasiyadan kənarda qalıblar. Dəhşətli mənzərədir, bu kənd sakinlərini yol infrastrukturundan ayıran cəmi 3 kilometr məsafə onları müasir həyatdan 3 əsrlik məsafədə saxlayır.
Təpələrin döşü ilə ilan kimi qıvrılan, orta əsrlərdə "atkeçməz” yolları xatırladan torpaq yol...
Azərbaycan yol infrastrukturu üzrə dünyada 34-cü yerdədir. Prezident İlham Əliyev iyulun 31-də keçirdiyi müşavirədə bu məqama toxunaraq bildirdi ki, yol tikintisi Azərbaycanda geniş vüsət alıb: "Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”.
Prezidentin Lerik rayonuna diqqəti, Piran yolunun açılışı, cümlədən, Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinin yollarının abadlaşdırılması üçün atılan addımlar da bunu təsdiqləyir. Lakin Kekonu və Sorsçay kəndlərini müasir həyatdan ayıran cəmi 3 kilometrlik yolun inşa edilməməsi, ümumiyyətlə müvafiq qurumların kənd sakinlərinin yol probleminə diqqət ayırmaması onu təsdiqləyir ki, Prezidentin bu məsələdən xəbəri yoxdur, əks təqdirdə, mənzərə başqa cür olardı.
"3 kilometrlik məsafə bizi müasir inkişafdan azı 3 əsr geridə qoyub”
Kekonu və Sorsçay kəndinlərinin sakinləri çıxış yolunu Prezident İlham Əliyevə müraciət etməkdə görürlər.
61 sakininin adından Prezidentə ünvanlanan müraciətdə deyilir: "Hər bir ölkə vətəndaşı kimi sizin gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb fərəhlənirik. Lakin bəzi məmurların əməlləri nəticəsində bizim kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri məhrum ediblər. Belə ki, Şinəbənd, Nuravud, Zərdəbərə kəndlərini birləşdirən müasir yol infrastrukturu ilə bizim kəndləri cəmisi 3 kilometr məsafə ayırır. Bu 3 kilometrlik məsafə bizi müasir inkişafdan azı 3 əsr geridə qoyub. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini sizin sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir, öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi – Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər, infrastruktur və sosial layihələrdən kənarda saxlanılırıq”.
Hər gün ölən ümidlər, cəmi 3 kilometrlik yolun yaratdığı problem
Müraciətdə qeyd olunur ki, Kekonu və Sorsçay kəndləri yerli məmurların səhlənkarlığı səbəbindən dövlət başçısının xalqa göstərdiyi xidmətdən yararlana bilmir.
"Biz Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlarından yolumuzun asfaltlaşdırılmasını yox, sadəcə torpaq yolun genişləndirilməsini istəmişik. Amma bunu da bizə çox görürlər. Bir texnika ayırıb, müasir yol infrastrukturu ilə bizim kəndləri ayıran cəmisi 3 kilometr torpaq yolun genişləndirilməsini belə həyata keçirmirlər. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri gedib-gəlmək olmur. Kəndlərin əhalisinin təcili tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında yetişdirə bilmir. Cənab Prezident, biz ucqar Kekonu və Sorsçay kəndlərinin sakinləri olaraq, hər axşam televiziyadan bizim kəndlərin yolu haqqında sərəncam verəcəyiniz ümidi ilə Sizin qərarlarınızı səbirsizliklə izləyirik. Hər gün verdiyiniz sərəncamlarda Kekonu və Sorsçay adlarını eşitmək ümidi ilə mavi ekrana diqqət kəsilirik, bunu görməyəndə ümidsizliyə qapılırıq, lakin yenə də inamımızı itirmirik. Biz bilirik ki, Siz sərhədyanı kəndlərin abadlığına xüsusi diqqət yetirirsiniz. Düşünürük ki, axı necə ola bilər bütün vətəndaşların qayğısına qalan, gecə-gündüz ölkəmizin rifahı üçün çalışan dövlət başçısı cəmi 3 kilometrlik yolu diqqətdən kənarda saxlasın. Bu, mümkün deyil, lakin Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinə qədər yol çəkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Kekonu və Sorsçay kəndlərinə qədər olan cəmi 3 kilometrlik yolu "görməzdən gəlməsi” biz sakinləri agentlik rəhbərliyinin Sizin göstərişinizi tam icra etməməsi haqqında şübhələndirməyə bilmir”, - müraciətdə qeyd olunur.
"Bizi xilas edin, cənab Prezident”
Kənd sakinləri Prezident İlham Əliyevdən onları xilas etməyi, Kekonu və Sorsçay kəndlərini müasir həyatdan 3 əsr ayıran problemin həll edilməsi tapşırığı verməyini xahiş edirlər.
"Yeganə ümidimiz Sizsiniz, cənab Prezident! Ümid edir və inanırıq ki, səsimizi eşidəcək və üzləşdiyimiz bu çətinliyi aradan qaldırmaqla bağlı göstəriş verəcəksiniz. Cənab Prezident, biz nə edəcəyimizi, dərdimizi necə həll edəcəyimizi bilmirik. İcra hakimiyyətinin məmurları bizə başqa söz, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi başqa söz deyir, ucqar kənddə bizim səsimizi eşidən yoxdur. Biz sadəcə yol istəyirik, xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq, rayon mərkəzinə rahat getmək, ümumiyyətlə normal yaşamaq üçün şərait istəyirik. Azərbaycan dövləti qüdrətli dövlətdir və bu ölkəni qüdrətli dövlətə çevirən Sizin bir göstərişinizlə cəmi 3 kilometr yolu asanlıqla inşa etməyin mümkün olduğunu bilirik. Bu gün Sizin rəhbərlik etdiyiniz Azərbaycan dövlətinin cəmi 3 kilometr olan bu yolu inşa etmək imkanı da var. Sadəcə olaraq, bəzi məmurlar və qurumlar bizi çıxılmaz vəziyyətə salır, dövlətə qarşı narazı olmamıza səbəb yaradır. Cənab Prezident, bizi xilas edin”, - sakinlər bildirirlər.
Saleh Məmmədov iki sərhədyanı kəndi niyə dövlətə qarşı qaldırır?
Kekonu və Sorsçay sakinlərinin bu müraciəti bəzi mətləbləri gündəmə gətirir. Necə ola bilər ki, "Azəryol” cəmi 3 kilometrlik yolu inşa etməyib? Prezident İlham Əliyevin Lerik rayonunun yol infrastrukturunun inşası ilə bağlı konkret sərəncamları var və bu sərəncamlarda bütün sərhədyanı ərazilərdəki ucqar kənd yollarının qurulması da nəzərdə tutulur. Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinin yollarının inşa edilməsi, lakin bu kəndlərin yanında yerləşən Kekonu və Sorsçay kəndlərinin cəmi 3 kilometrlik yolunun bərbad vəziyyətdə saxlanılması deməyə əsas verir ki, "Azəryol” bu məsələni ölkə rəhbərliyindən bilərəkdən saxlayıb. Görünür, burada hansısa maxinasiya əməlləri var. "Azəryol”un sədri Saleh Məmmədovun bu iki sərhəd kəndinin yol probleminə olan laqeyd münasibəti bizləri düşünməyə vadar edir. Saleh Məmmədov üçün Kekonu və Sorsçay kəndlərinin cəmi 3 kilometrlik yolu adi görünə bilər, lakin bu kəndlərin sakinləri üçün 3 kilometrlik yolun inşa edilməməsi normal həyatdan uzaq düşmələri, xəstələrinin ölüm təhlükəsi ilə üzləşməsi, hər gün stresslə qarşılaşmaları və ən nəhayət dövlətə qarşı narazı kütlənin yaranması deməkdir. Hər-halda cəmi 3 kilometrlik yola görə, iki sərhədyanı kəndin əhalisini dövlətdən narazı salmaq olduqca təhlükəli perspektiv vəd edir. Hətta bu yola asfalt örtük vurulmasa da olar, heç olmasa torpaq döşəmə salınmalıdır, kənd sakinləri buna belə razıdırlar. Görünür, onların səsini eşidən yoxdur. Onlar da yeganə çıxış yolu kimi Prezident İlham Əliyevə müraciət etməyi seçdilər və dövlət başçısından onları xilas etməyi xahiş edirlər.
"Biz Prezidentimizə inanırıq"
Kekonu və Sorsçay sakinlərinin müraciətində daha sonra qeyd olunur ki, onlar ölkə başçısı İlham Əliyevə həmişə güvəniblər:
"Biz həmişə prezidentimizə güvənmişik. Və həm də ona görə ki, prezidentimizin Azərbaycanın hətta ən ucqar kəndlərini abadlaşdırmağı qarşısına məqsəd qoymasını bilirik. Bu gün coğrafi və sərt iqlim baxımından ən ucqar kəndlər belə Prezidentin bir sərəncamı ilə abadlaşıb və o çətin şəraitdən əsər-əlamət qalmayıb. Kənd camaatı olaraq, inanmaq istəyirik ki, bizim bu iki kəndin də yol probleminin düzəlməsi Cənab Prezidentin humanistliyi, yerli məmurlarımızın diqqəti, "Azəryol” rəhbərliyinin həssaslığı sayəsində həllini tapacaq."
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2019, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Paylaş:
Müəllif :
Yazar
Tarix:5-08-2019, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11