reklam
Regionxeberlericom.az » Cəmiyyət » HƏR ZAMAN ÖZÜNƏ ŞƏHİD OLMAĞI ARZULAYAN KOMANDİRİMİZ... - “Qarabağ” ordenli cəsur baş leytenantın Şəhidlik yolu + FOTOLAR

reklam

HƏR ZAMAN ÖZÜNƏ ŞƏHİD OLMAĞI ARZULAYAN KOMANDİRİMİZ... - “Qarabağ” ordenli cəsur baş leytenantın Şəhidlik yolu + FOTOLAR


Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşaraq, düşmənə sarsıdıcı zərbələr endirib və əsl qəhrəmanlıq nümunələri göstərib. 
Vətən müharibəsi zamanı qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər hərbi qulluqçu isə yaralanıb və xəsarət alıb. Döyüş meydanlarında dəmir yumruqla erməni işğalçılarının başını əzərək, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.
Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də baş leytenant Kazımov Kamran Qurbanəli oğludur.
Baş leytenant Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşki rayonunda anadan olub. Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli Kazımovun və Elmura ananın böyüdüb tərbiyə etdiyi üç övladdan (Kamran, Xəyalə və Orxan) biri, həmçinin, ailənin böyük övladı idi Kamran...
Orta təhsilini 1997-2008-ci illərdə Xətai rayonundakı şəhid Sədrəddin Həsənov adına 63 saylı orta məktəbdə alıb. Kamran orta məktəbdə oxuduğu illərdə idmanın karate növü ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib. Bununla yanaşı, musiqilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb. Fəal şagird kimi orta məktəbdə keçirilən tədbirlərdə, eləcə də ictimai işlərdə hər zaman fərqlənib.
Müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib.Bu barədə məlumat verən, odövrdə xüsusi təyinatlı dəstənin komandiri olmuş və Vətən müharibəsində iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Tural Novruzov cəsur silahdaşımızı öz üzərində çalışan fəal hərbi qulluqçu kimi xatırladığını deyir: “Xüsusi təyinatlıya xas olan bütün müsbət xarakterik xüsusiyyətlər Kamranda vardı. İradəli və dözümlü olmaq kimi müsbət keyfiyyətləri, hər zaman öz üzərində çalışması sayəsində dəstənin qabaqcıl hərbi qulluqçularından biri olmağı bacarmışdı.
Yaxşı yadımdadır, dəstənin şəxsi heyətilə istər atəş və fiziki hazırlıq, istərsə də digər fənlər üzrə keçirilən praktiki məşğələlər zamanı göstərdiyi müsbət nəticələrilə bağlı hətta bir neçə dəfə onu sıranın qarşısına çıxarıb, yoldaşlarına nümunə də göstərmişdim”.
Beləliklə, hərbçi ailəsində böyüyüb boya-başa çatan və uşaq yaşlarından bu peşəyə böyük həvəsi olan Kamran müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonraqoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Vətənə olan borcunu şərəflə və böyük qürur hissi ilə yerinə yetirməyə başlayıb.Zabit kimi atasının yolunu davam etdirmək arzusunda olan silahdaşımız2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Kamran yenidən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.2017-ci ilin noyabr ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib.Nümunəvi komandir və bir zabit kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub.Hər zaman yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Keçirilən təlimlərə böyük həvəslə qatılan Kamranın ən böyük arzusu isə döyüş meydanında düşməni məğlub etmək və işğal olunan doğma Qarabağımızı yağı tapdağından azad etmək olub.
“N” saylı hərbi hissədə “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik-leytenant Füzuli İmrəliyev vaxtilə birgə xidmət etdiyi qrup komandirini böyük qürur hissi ilə xatırladığını deyir: “Müqəddəs torpaqlarımızın azad olunması ilə nəticələnən və tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində dəstəmizin9nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub.Onlardan biri də qrup komandiri baş leytenant Kamran Kazımovdur.
Həm bir komandir, həm də olduqca vətənpərvər, ləyaqətli zabit kimi tabeliyində olan şəxsi heyət üçün hər zaman nümunə idi Kamran. İstəyərdi ki, keçirilən bütün praktiki məşğələlərdə məhz onun komandiri olduğu qrup birinci olsun və fəaliyyətini də əsasən bu istiqamətdə qururdu. Bir insan kimi çox səmimi, mehriban, gülərüz, tabeliyində olanlara qarşı son dərəcə diqqətcil idi. Dəstənin bütün şəxsi heyətinin uğuruna hədsiz dərəcədə sevinərdi.
Olduqca cəsarətli, gözündə heç zaman qorxu hissi olmayan bir komandir və mükəmməl döyüşçü idi. Elə döyüşdə də əsas amalı gözünü qırpmadan ancaq irəliyə - düşməni məğlubiyyətə uğradanadək üzərinə getmək olub. Onun qrupu cəsur komandirlərinin qorxmazlığından və vətənpərvərliyindən güc alaraq, döyüş meydanında əsl qəhrəmanlıqlar göstərdi”.
Baş leytenant K.Kazımovun döyüş yolu elə Vətən müharibəsinin ilk günündən - 2020-ci il sentyabrın 27-dən başlayıb. Bu tarixdən etibarən onunla birgə döyüşlərə qatılmış “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən qazi silahdaşlarımız - çavuşlar Fərid Bağırlının və Ramiz Həsənovun qeyd etdikləri kimi, Kamran komandir olmaqla yanaşı, həm də əsl döyüşçü kimi öz cəsurluğunu və qorxmazlığını Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda göstərib: “Gözündə heç bir qorxu hissi olmayan və hər zaman özünə şəhid olmağı arzulayan komandirimiz vuruşmaqla yanaşı, şiddətli döyüşlərin gedişində irəli atılaraq neçə-neçə yaralı hərbi qulluqçumuzu ölümün cəngindən xilas edib və yenidən düşmənin başına od-alov yağdırıb”.
Çavuş Fərid Bağırlının qeyd etdiyi kimi, Kamran elə onun özünü və baş çavuş Əsgər Əhmədovu (sonralar Cəbrayıl istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub) məhz düşmənin artilleriya atəşi altından xilas etmişdi.
5 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Kamranın son döyüşü oldu...
İştirakçısı olduğu bu hərbi əməliyyatlar barədə xatirələrini bizimlə bölüşən qazimiz çavuş R.Həsənov məhz cəsur komandirin rəhbərliyi altında qarşıya qoyulan bir çox döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiklərini deyir: “Bu döyüşdə baş leytenant K.Kazımov qrupun şəxsi heyəti ilə birgə düşmənin şəhər ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin 38 nəfər canlı qüvvəsini, o cümlədən, iki tankını, dörd topunu və biri sursat daşıyan olmaqla, iki avtomobilini məhv edib. Bundan qorxaraq, “UAZ” markalı avtomobillə döyüş meydanını tərk edərək qaçan yüksək rütbəli düşmən komandirini və sürücüsünü baş leytenant K.Kazımov “Muxa” tipli qumbaraatanla cəhənnəmə vasil edib. Təbii ki, bu məğlubiyyətlə barışmaq istəməyən və əlavə xeyli qüvvə toplayaraq yenidən hücuma keçən ermənilərin niyyətini yaxşı anlayan komandirimiz şəxsi heyət mühasirəyə düşməsin deyə onlara geri çəkilməyi əmr edərək, özü 2 nəfər silahdaşımızla birgə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını aldı. Lakin şiddətli döyüşün gedişində ağır yaralanan cəsur komandirimiz, eləcə də onunla birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçusu – baş çavuş Vüqar Cəfərov və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Əlimuradov qəhrəmancasına şəhid oldular”.
Baş leytenant K.Kazımov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Evli idi. Xalqımıza Aydan adlı qız və Ərtoğrul adlı oğul əmanəti qalan şəhidimizin yaxın aylarda üçüncü övladı da dünyaya göz açacaq.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli, 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant Kazımov Kamran Qurbanəli oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sən Vətənlə yaşadın, bu Vətəndən güc aldın,
Vətəni sevə-sevə sevgin ilə ucaldın,
Qəhrəmanlıq dastanın yazıb tarixdə qaldın,
Əzminin sorağını eşitdi bütün cahan,
Əziz canından keçib Vətənə sipər olan.
Adını yaşadacaq millətin hər bir zaman,
Vətən minnətdar sənə qəhrəman şəhid Kamran,
Səninlə qürur duyur atan, qardaşın, anan,
Həsrətinlə sızlayır səni sevən bir qadın
Kədərə yelkən açıb bacın, iki övladın.
Bu misralar şairə Manya Səxavətqızının zabitimizin şəhadətə qovuşduqdan sonrakı ilk doğum günü münasibətlə qələmə aldığı şeirindən parçalardır.

Kamranın ailə üzvlərinin və onunla birgə döyüşlərdə iştirak etmiş hərbçi yoldaşının xatirələri əsasında Azərbaycan Televiziyasının “TeleSəhər” verilişində efirə gedən “Cənnətində rahat uyu, cənab baş leytenant”, “Space” televiziya kanalında efirə gedən “Şəhidlik zirvəsi”, o cümlədən, 30 yaşının tamam olması münasibətilə “ARB” televiziya kanalının “Günə doğru” verilişində efirə gedən “Şəhid baş leytenant Kamran Kazımov” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.
Bundan əlavə, “525-ci qəzet”in 22 yanvar 2021-ci il tarixli sayında Şəhanə Müşfiqinmüəllifi olduğu “Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!” başlıqlı məqalədə digər şəhidlərimizlə yanaşı, cəsur silahdaşımızın da həyat və döyüş yolu işıqlandırılıb.
“Şəhid atası olmaq baş ucalığıdır” - deyən hörmətli veteranımız Qurbanəli Kazımovun qeyd etdiyi kimi, Kamran indi təkcə onun yox, həm də bu Vətənin övladıdır. Vətən uğrunda canını qurban verən Kamran kimi igid oğullarımızın əziz xatirəsi isə qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
Mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru


Paylaş:


Müəllif : Tarix:
18-02-2021, 15:45
Sikayət   


loading...
Загрузка...