reklam
Regionxeberlericom.az » Araşdırma » Cəbhənin Qazax istiqamətində nə baş verir?

reklam

Cəbhənin Qazax istiqamətində nə baş verir?


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə, o cümlədən də onlayn mediada Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının Qazax rayonunda irəlilədiyi barədə məlumatlar yayılır. Xəbər rəsmən təsdiq olunmasa da, DSX tərəfindən yeni dörd sərhəd döyüş məntəqəsi yaradıldığı qeyd olunur. Hətta ehtimal olunur ki, Azərbaycan ordusu bu yaxınlarda aprel döyüşləri kimi növbəti hərbi əməliyyatlara hazırlaşır.
Keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə mütəxəssis, həmçinin cəbhə bölgəsində baş verənləri diqqətlə izləyən İlham İsmayıl Ayna.az durumu şərh edib.

Ekspertin sözlərinə görə, baş verən proseslər və onun işıqlandırılmasının xarakteri onu göstərir ki, biz odu qoyub, külü ilə oynayırıq: “Əvvəla onu deyim ki, Dövlət Sərhəd Xidmətinin Azərbaycanla Ermənistan arasındakı xətti təmas xətti sayılmır. Döyüş postlarını irəli çəkməklə neytral zonadakı torpaqları nəzarət altına götürmək düzgün ifadə deyil. Bizim orada elə bir neytral zonamız yoxdur. Biz öz torpaqlarımızda döyüş postlarımızı qabağa çəkmişik, neytral bölgədə yox”.

Müsahibimiz vurğulayıb ki, indi baş verənlər, təxminən keçən ilki Günnüt məsələsi kimidir: “Naxçıvanın Günnütükün ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki... Sadəcə 90-cı illərdə qurulmuş postumuzu qabağa çəkdik. İndi də eyni hadisə baş verir. Bunu şişirtmək, xüsusi qələbə kimi təqdim etmək küllə oynamaq kimidir”.

“Bu məsələnin xüsusi qabardılmasından da hiss olunur ki, ortada heç nə yoxdur. Sadəcə Keşikçidağ məsələsindən sonra Sərhəd Qoşunları özünə bəraət qazandırmaq məqsədilə bu addımları atır. 18 avqustda Sərhədçi Günü qeyd olunacaq. Bununla əlaqədar nəsə etmək istəyirlər ki, müəyyən təltiflər alsınlar. Məsələnin mahiyyəti bundan ibarətdir”, - deyə İ.İsmayıl vurğulayıb.

Həmsöhbətimizin fikrincə, ortada təskinlik üçün ciddi bir iş yoxdur: “Bizim işimiz Qarabağda olmalıdır, orada da heç bir şey yoxdur. Heç bir şey olmadığına görə də Paşinyanın son bəyanatından sonra bu gün Ermənistanın Xarici İşlər naziri də bildirdi ki, “bəli, mən Baş Nazirin mövqeyini dəstəkləyirəm, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”. Çox təəssüf ki, bizim tərəfimizdən nə Paşinyana adekvat cavab verildi, nə də Zöhrab Mnatsakanyana. Biz mənasız şəkildə, Dövlət Sərhəd Xidmətinin öz ərazimizdə döyüş postunu bir qədər qabağa çəkməsini toy-bayram, qələbə kimi qeyd edirik. Bundan da pis şey yoxdur”.

İlham İsmayıl bu günlərdə Qarabağda növbəti hərbi əməliyyatın gözlənilməsi ehtimallarına da aydınlıq gətirib: “İki ay bundan qabaq deyilirdi ki, hamının pasportu alınıb, xaricə getməyə qoymurlar, guya ki, nəsə olacaq. Ancaq indi nazirlərdən, təhlükəsizlik şurasının üzvlərindən tutmuş, əksəriyyəti xaricdədir. Həmçinin, necə əməliyyat olacaq ki, bu barədə sıravi vətəndaşlar belə, bilir? Əgər gerçəkdirsə, demək, bunu düşmən də bilir. Əməliyyat isə aşkar yox, qəfil olur. Neçə ildir bizi belə xəbərlərlə aldadırlar. Biz sadəcə arzulayırıq, gözləyirik ki, nəsə baş versin, ən azı Ermənistan narahat olsun. Ermənistan da narahat deyil”.

“Çox təəssüf edirəm ki, Ermənistan hərbçisinin bizim tərəfə keçməsini mətbuat belə qeyd edir ki, “Tonayan bizə yalvarır”. Tonayan bizə yalvarmır, sadəcə deyir ki, “Azərbaycan tərəfi əks təbliğat aparır, mən öz kolleqalarımı çağırıram ki, belə mənasız təbliğat aparmasınlar”. Həm erməni hərbçinin bu tərəfə keçməsi, həm də Dövlət Sərhəd Xidmətinin on metr qabağa getməsi məsələsini qabartmaq Azərbaycan vətəndaşını aldatmaqdan başqa bir şey deyil”, – deyə həmsöhbətimiz qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
14-08-2019, 20:58
Sikayət   


loading...
Загрузка...